Tezliklə bütün qurğular emosiyaları tanıyacaq

16 İyun 2017 - 14:56 | Maraqlı məlumatlar
Tezliklə bütün qurğular emosiyaları tanıyacaq

Bu haqda “Affectiva” startapının yaradıcısı Rana Kaliobi bildirib. Onun rəhbərlik etdiyi şirkət insan emosiyalarını tanıma imkanına malik texnologiyaların yaradılması ilə məşğuldur. R.Kaliobi hesab edir ki, qadcetlərin emosiyaları tanıması insan üçün faydalı olacaq.

O, maşın təliminin köməyilə kompüterlərə insanları anlamağı öyrətmək üzərində çalışır. Beləliklə, 14 milyon dollar vəsait toplayan “Affectiva” startapı ərsəyə gəlib. Bu zaman şirkətin müştəriləri arasında “Unilever”, “Kellogg’s”, “Mars” və “CBS” kimi şirkətlər var idi.

nanonewsnet.ru saytının məlumatında bildirilir ki, texnologiya müxtəlif sosial və marketinq şirkətlərində istifadə olunur. Lakin R.Kaliobinin sözlərinə görə, texnologiya daha böyük potensiala malikdir. Belə ki, yaxın gələcəkdə yalnız smartfon və kompüterlər deyil, bütün texniki avadanlıqlar (avtomobillər, soyuducular və s.) öz sahiblərini anlayacaq. Texnologiya səhiyyədə də tətbiq oluna bilər. Onun köməyilə insanın emosional vəziyyətini müəyyənləşdirmək, depressiya və ya əsəb pozğunluqları haqqında öncədən xəbərdar olmaq mümkündür. İnsanlar hər 10 dəqiqədən bir telefonunu yoxlayır ki, bu da sistemə onların emosional vəziyyətində baş verən dəyişiklikləri izləməyə imkan verir.

Şirkət rəhbərinin sözlərinə görə, tamamilə avtonom sürücülüyə keçid dövründə emosional intellektin (emotional intelligence - EI) avtomobillərə tətbiqi də olduqca vacibdir. Bu zaman avtomobil idarəni sürücüyə verdikdə onun buna hazır olub-olmadığını anlamalıdır. İnsan emosiyalarının tanınması sistemi bu kimi problemlərin həllində mühüm rol oynayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.