Beş sutka ərzində uçmaq imkanına malik pilotsuz təyyarə təqdim olunub

09 İyun 2017 - 14:00 | Maraqlı məlumatlar
Beş sutka ərzində uçmaq imkanına malik pilotsuz təyyarə təqdim olunub

Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları beş sutka ərzində yanacaq doldurmadan uçmaq imkanına malik şəxsi pilotsuz təyyarəni təqdim ediblər. Bu təyyarə yanacaq qismində benzin istifadə edərək kiçik hündürlükdə uça bilir.

hi-news.ru saytının məlumatına görə, pilotsuz təyyarəyə quraşdırılmış mühərrik 5 at gücünə malikdir. Çəkisi 68 kq təşkil edən aparatı sürətlə hərəkət edən avtomobilin üzərindən uçuşa buraxmaq lazımdır. Pilotsuz təyyarə havaya 9 kiloqrama qədər çəkiyə malik əlavə yük qaldıra bilir ki, bu da ondan ən müxtəlif sahələrdə istifadə olunmasına imkan verir. Aparatın yaradıcıları isə onu ətraf mühitin müşahidə olunması məqsədilə hazırlayıblar.

Qeyd edək ki, benzinlə işləyən pilotsuz təyyarənin ilk prototipi cari ilin may ayında təqdim olunub. Sınaqları uğurlu keçən dronun tədqiqatçılar komandası hazırda onun çəkisinin 68-dən 25 kq-a qədər azaldılması üzərində işləyirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.