ABŞ-ın hava limanlarında sifətin tanınması sisteminin sınaqlarına başlanılacaq. Yeni texnologiya uçuş üçün qeydiyyatdan keçmiş sərnişin haqqında bütün lazımi informasiyanı öncədən öyrənməyə imkan verəcək.
dni24.com saytının məlumatında bildirilir ki, adi aviabiletləri sifətin tanınması sistemi ilə əvəz etməyə ilk olaraq “JetBlue Airways” şirkəti qərar verib. Sınaqlar iyunun 12-də başlayacaq və 3 ay davam edəcək. Təyyarədən enmək üçün növbəyə duran sərnişinin sifəti skan edilərək sərhəd və gömrük nəzarətinin məlumat bazası üzrə yoxlanılacaq. Məlumatlar uyğun gəldikdə o, hər hansı müayinə, yoxlama olmadan və sənədlərini təqdim etmədən keçə biləcək.
Aviaşirkətin nümayəndəsi Coanna Qeratinin sözlərinə görə, yeni texnologiya ölkə üzrə işləyəcək və istisnasız bütün sərnişinlər üzərində yoxlanılacaq.
Qeyd edək ki, bununla əlaqədar olaraq ekspertlər təhlükə siqnalı verirlər. Çünki insan hava limanına daxil olduqda özü haqqında bütün şəxsi informasiyanı avtomatik ötürür, yəni ümumi nəzarət rejimi altına düşür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.