“Microsoft” şirkəti əllərin jestlərini tanıyan klaviaturanın prototipini (ilk nümunə) hazırlayıb. Mütəxəssislərin sözlərinə görə, qurğu informasiyanın daxil edilməsi metodlarını daha da asanlaşdıracaq. Toronto şəhərindəki (Kanada) “Computer Human Interaction” konfransında təqdim olunmuş qurğu haqqında PC World nəşri xəbər verib.
Şirkətin Tədqiqatlar bölməsi (Microsoft Research) tərəfindən hazırlanmış klaviaturanın prototipi klavişlərlə yan-yana 64 sensorla təchiz olunub. Sensorlar klaviatura ilə işləyərkən əllərin hərəkətini tanıyır.
Digər bir məlumata görə, şirkətin Kembricdə (ABŞ) yerləşən başqa bir laboratoriyası informasiyanın Kinect sensorunun köməyi ilə jestləri tanıyan ənənəvi klaviatura və mausun kombinasiyası vasitəsilə daxil edilməsi texnologiyası üzərində işləyir.