Yeni proqram sənədlərin fotosunu redaktə edilən “PDF” faylına çevirəcək.
“Adobe Systems” şirkəti istənilən sənədi skan etməyə və onu redaktə edilən “PDF” faylına çevirməyə imkan verən “Scan” proqramını təqdim edib. Proqram “iPhone” və Android qurğularında əlçatandır.
hitech.vesti.ru saytının məlumatına görə, sənədin rəqəmsal surətini yaratmaq üçün smartfonun kamerasını ona yönəltmək kifayətdir. Bundan sonra səhifələri qaydaya salmaq, çevirmək və ya kəsmək mümkün olacaq. Fayllar “Adobe” bulud anbarında (Document Cloud) avtomatik saxlanılır.
Skan edilmiş materiallardakı mətni “Acrobat Reader”də köçürmək, seçmək və ya qeyd etmək, həmçinin digər proqramlarda (məsələn, “Microsoft Word”) redaktə etmək mümkündür.
“Adobe Scan” proqramının baza imkanları ödənişsizdir, lakin əlavə funksiyaların (məsələn, faylı istənilən formada dəyişdirməyə imkan verən “Acrobat Pro DC” redaktoru) əlçatan olması üçün ayda 15 ABŞ dolları ödəmək lazımdır. Bundan başqa, proqramdan istifadə üçün qeydiyyatdan keçmək və “Adobe ID” identifikatorunu əldə etmək tələb olunur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.