Proqram mühəndisliyi və Data Science

19 May 2017 - 11:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 1 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Şöbənin böyük elmi işçisi Hicran Gözəlova “Proqram mühəndisliyi və Data Science” mövzusunda məruzəsini təqdim etdi. Bildirdi ki, Big Data (BD) konepsiyasının əsasını müxtəlif mənbələrdən fərqli formatlarda yüksək sürətlə daxil olan böyük həcmli verilənlərin emalı, analizi və onlardan faydalı biliklərin çıxarılması təşkil edir.

Məruzəçinin sözlərinə görə, Big Data erasında Data Science proqram mühəndislərinin yiyələndikləri xüsusi əhəmiyyətli bacarıqlar yerinə yetirilmiş layihələr əsasında yeni layihələri proqnozlaşdırmağa imkan verir. Data Science ilə müqayisədə proqram mühəndisliyi proqram təminatının sistemli şəkildə layihələndirilməsi, işlənməsi, fəaliyyəti və müşayiət olunmasını təmin edən, həmçinin bu yanaşmaları tədqiq edən elmi nəzəri və pratiki sahə olmaqla, ötən əsrin 60-cı illərində meydana gəlib.

“Big Data-nın analizi bir çox layihələrin proqram təminatlarının işlənib hazırlanmasının əsasını təşkil edir”, – deyən Hicran Gözəlova qeyd etdi ki, Data Science inkişaf etməkdə olan sahə olduğundan proqram mühəndislərinə təcrübəni yaxşılaşdırmağa kömək edir. Proqram təminatı analiz üçün dəqiq interfeys işləyib hazırlamaqla, prosedur və ya alətlərin funksionallığını formalaşdırır.

Proqram mühəndislərinin verilənlər mühəndisi və verilənlər alimləri ilə müqayisəsindən söz açan məruzəçi Data Science-in proqram təminatının işlənib hazırlanmasında, onun həyat tsiklinin daha effektiv idarə edilməsində proqram mühəndislərinə çox böyük dəstək verdiyini nəzərə çatdırdı.

Son illər verilənlərin artması ilə onların idarə edilməsində əsas rol oynayan mühəndis proqramçılar, verilənlər mühəndisləri və verilənlər alimləri arasında fərqlər müşahidə olunur. Bunlardan PM ilk sahə hesab olunur. Verilənlər mühəndisliyi (Data Engineering) və DS daha gənc sahələrdəndir.  

Proqram mühəndisləri testetmə və analiz də daxil olmaqla, layihələndirmədən başlamış proqramın tərtib edilməsinə qədər bütün mərhələlərdə iştirak edərək sistem və proqram əlavələrinin yaradılmasını həyata keçirirlər.

Verilənlər mühəndisi sistem yaradır, proqram təminatı mütəxəssisləri tərəfindən yaradılmış sistem və əlavələrdən verilənlərin əldə edilməsini və saxlanmasını təmin edir. Verilənlər alimləri verilənlər üzərində analiz aparırlar. Bu əməliyyat intellektual analiz və ya maşın təlimi alqoritmi ola bilər. Bu alqoritmlər sonradan proqram mühəndisləri və verilənlər mühəndisləri tərəfindən koda çevrilir və reallaşdırılır.

Hazırda BD-nın toplanması, təmizlənməsi, analizi, proqram təminatının yaradılması və s. məsələləri yerinə yetirmək üçün  verilənlər elmindən istifadə olunur. 2013-cü ildən başlayaraq dünyanın bir çox aparıcı universitetlərində “data science” akademik fənn kimi bakalavr, magistr və doktorant pilləsində tədris olunur.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.