Elektron təhsilin proqram təminatının perspektivləri araşdırılır

19 May 2017 - 12:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 10 saylı şöbəsinin bulud texnologiyaları əsasında elektron təhsilin proqram təminatının perspektivləri məsələsinə həsr olunmuş növbəti elmi seminarı keçirildi.  

İnstitutun əməkdaşı Esmira Ələsgərova məruzəni təqdim edərək bulud texnologiyalarının elektron təhsildə tətbiqinin müxtəlif kompüter avadanlıqları və proqram təminatının alınması,  saxlanılması və ixtisaslı mütəxəssislər tərəfindən idarə edilməsi üçün maliyyə xərclərini azaldaraq təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini söylədi.

Təhsildə bulud hesablamalarının üstünlükləri barədə məlumat verən məruzəçi onun ehtiyat surətçıxarma, saxlama, əlyetərlilik, tapşırıqların təşkili kimi imkanlara malik olduğunu bildirdi.

E.Ələsgərova bulud texnologiyaları əsasında elektron universitetin arxitekturasını təqdim edərək bulud xidmətlərindən istifadə nəticəsində elektron universitetin veb-saytının yaradılması, İnternetdə yerləşdirilən interaktiv resurslardan uzaq məsafədən istifadə və elektron təhsil məqsədlərinə nail olmaq üçün sosial şəbəkələrdən səmərəli istifadənin mümkünlüyünü ifadə etdi.

Son zamanlar elektron təhsildə tədrisin idarə olunması sistemlərinin buludda saxlanıldığını qeyd edən məruzəçi bu sistemlərin buludda yerləşdirilməsinin təhsil müəssisələrinin proqram təminatı və yüksək ödəniş tələb edən avadanlıqlara çəkilən maliyyə xərclərini azaltmasına səbəb olduğunu diqqətə çatdırdı.

O, həmçinin bulud hesablamaları əsasında e-təhsilin proqram təminatı haqqında məlumat verdi, buludda yerləşdirilmiş proqram təminatına icazəsiz müdaxilədən qorunma yollarından söz açdı.  

Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar səsləndirildi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.