3D qrafik redaktorları müqayisəli təhlil olundu

16 May 2017 - 15:42 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 18 saylı şöbənin 3D qrafik redaktorların müqayisəli təhlili məsələsinə həsr olunmuş növbəti elmi seminarı keçirildi. Məruzəni təqdim edən şöbə müdiri Anar Səmidov bildirdi ki, üçölçülü (3 Dimensions-3D) ingilis dilindən tərcümədə virtual yaradıcılıq deməkdir. Kompüter qrafikası bir çox sahələrdə geniş tətbiq olunur. Qrafik redaktorlar tətbiq sahəsindən asılı olmayaraq bir qayda olaraq hər biri alətlər paneli, hazır şəkillər toplusu, şriftlər kimi funksiyalara malik olmalıdır.

A.Səmidovun sözlərinə görə, 3D modelləşdirmə və animasiya yüksək ödəniş tələb edən xidmətdir. Bu sahə çox sayda üçölçülü qrafika üzrə mütəxəssisləri bir araya gətirir. Hazırda müasir kompüter qrafikası bazarında gənc mütəxəssislərə təlabat həddindən artıq böyükdür.

Sonra məruzəçi “Blender 3D qrafik redaktoru” haqqında məlumat verdi. Bildirdi ki, bu ödənişsiz redaktorun öyrənilməsi olduqca asandır. Redaktor mütəmadi olaraq inkişaf edir, əsas müsbət tərəfi isə onun həcminin çox kiçik olmasıdır. Proqramda üçölçülü qrafikanın yaradılması üçün kifayət qədər alətlər toplusu var. O, Linux və Windows kimi əməliyyat sistemlərində işləyə bilir.

Autodesk redaktoru olan 3D StudioMax memarlığın vizuallaşmasında böyük rol oynaması ilə tanınır.  Onun köməyilə tikilməsi nəzərdə tutulan binanın üçölçülü modelini əvvəlcədən hazırlayaraq sifarişçiyə yekun nəticə kimi təqdim etmək mümkündür.

Vue 9.5 Xstream qrafik redaktoru isə 3D landşaftın qurulması üçün çox sayda müxtəlif baza elementlərinə malikdir: materialların ilkin hazır formaları, bitki növləri, müxtəlif işıqlandırmalar və s.

Məruzəçi, həmçinin Maya və Cinema 4D üçölçülü qrafik redaktorları haqqında məlumat verərək, onları müqayisəli təhlil etdi.

Məruzə ətrafında müzakirələr aparıldı, təklif və tövsiyyələr irəli sürüldü.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.