Bugünkü tarix elektron poçt istifadəçilərinin baş ağrısına çevrilmiş spamın doğum günü hesab edilir. Belə ki, 1978-ci il mayın 3-də ilk rəsmi qeydiyyatdan keçmiş arzuolunmaz reklam ismarıcı göndərilib.
Abunəçilərə onların icazəsi olmadan göndərilən reklam – spam təxminən 40 il əvvəl meydana gəlsə də, dünya yalnız İnternetin kütləvi yayılmağa başladığı 1990-cı illərdə bu “təbii fəlakətin” həqiqi miqyasını gördü.
calend.ru saytının məlumatına görə, ilk spam-ismarıc 400 istifadəçiyə 1978-ci il mayın 3-də elektron texnika istehsalı ilə məşğul olan “DEC” şirkəti tərəfindən göndərilib. Hazırda fəaliyyət göstərməyən şirkətin məqsədi öz yeni mini-kompüterlərini bazarda tanıtmaq idi.
“SPAM” (SPiced hAM – ədviyyatlı donuz əti) ət konservlərinin markasının adını daşıyır. 1970-ci ildə Britaniya teleekranlarında müştərilərə səylə öz məhsulunu sırıyan, bütün yeməklərin “Spam”dan hazırlandığı kafe haqqında komediya filmi çıxdı. Beləliklə, bu konservlər arzuolunmaz reklamın simvolu oldu. Bu adı “elektron tullantı”ya 1993-cü ildə “Usenet”in sistem administratoru Coel Fer verib.
Ekspertlər bildirirlər ki, hazırda hər gün yüz milyarddan çox spam göndərilir ki, bunun da əksəriyyəti kompüter viruslarından ibarətdir. Statistik məlumatlara əsasən, İnternetdə göndərilən bütün elektron ismarıcların 85 faizi lazımsız informasiya, yəni spamdır. Belə məktubların böyük hissəsi virusların köməyilə ələ keçirilmiş kompüterlər vasitəsilə xüsusi qruplar tərəfindən göndərilir.
Spam ən müxtəlif cinayətkarlıq, fırıldaqçılıq əməliyyatlarının həyata keçirilməsində, həmçinin bank hesabları haqqında informasiyanın oğurlanmasında geniş istifadə olunur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.