AMEA İnformasiya Texnologiyaları İnstitutunda 16 saylı şöbənin “Veb-resursların analitikasının mövcud vəziyyəti və problemləri” mövzusuna həsr olunmuş növbəti elmi seminarı keçirildi. Məruzəni təqdim edən şöbənin əməkdaşı Yusif Sadıyev veb-analitikada metrikalar, veb-saytların analitikası, bu sahədə mövcud problemlər və s. haqqında ətraflı məlumat verdi.
Y.Sadıyev bildirdi ki, veb-analitika veb-saytlardan statistik məlumatların toplanması, ölçülməsi, təhlili və hesabatların hazırlanmasıdır. Veb-saytların analitikası əsasən, demoqrafik göstəricilər (yaş, cins), dillər üzrə, brauzerlər, zaman intervalı, kontent və coğrafi göstəricilərə görə (ölkə, şəhər) hesabatlar hazırlamağa imkan verir.
Veb-analitikanın tarixindən söz açan məruzəçi 1993-cü ildə veb-saytlara olunan müraciətlərin loq-fayllarda qeydə alındığını və həmin ildə “Webtrends” veb-analitika xidmətinin fəaliyyətə başladığını nəzərə çatdırdı. Bildirdi ki, 1995-ci ildə professor Stefan Turner tərəfindən “Analog” adlı ilk loq-fayl analizi proqramı hazırlanıb. 2004-cü ildə veb-resurslardan toplanan rəqəmsal məlumatların analizi ilə məşğul olan “The Web Analytics Association” yaradılıb və 2011-ci ildə adı “Digital Analytics Association” olaraq dəyişdirilib. 2005-ci ildə isə “Google” şirkəti “Google Analytics” xidmətini təklif etməyə başlayıb.
O, veb-saytların 65,50 faizinin analitika xidmətlərindən istifadə etdiyini, 34,50 faizinin isə istifadə etmədiyini diqqətə çatdırdı. Həmçinin veb-saytların analitikasını aparan platformaların reytinqini təqdim etdi. Bildirdi ki, ilk beşlikdə “Google Analytics”, “Yandex.Metrica”, “WordPress Jetpack”, “LiveInternet” və “New Relic” yer alır.
Y.Sadıyev Azərbaycan İnternet seqmentində veb-saytların analitikasının müasir vəziyyəti və problemlərinə də toxundu: “Azərbaycan İnternet seqmentində veb-resursların böyük əksəriyyətinin analizi və statistikası müxtəlif platformaların təqdim etdiyi xidmətlərdən istifadə etməklə aparılır. Veb-resursların bütün statistik məlumatları tam olaraq bu platformalarda saxlanılır. İstifadəçi hesab məlumatlarını itirərsə, öz veb-resursuna aid olan bütün informasiyanı itirmiş olur. Bu kimi problemlər Milli İnformasiya Təhlükəsizliyi Konsepsiyasının işlənilməsi və Milli Statistika Sisteminin qurulması zərurətini meydana çıxarır”.
Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.