Aprelin 29-da Bakı Mühəndislik Universitetində (BMU) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında informatika üzrə XI Ümumrespublika Olimpiadası”nın I mərhələsi keçirildi.
BMU-nun rektoru, professor Havar Məmmədov tədbiri giriş nitqi ilə açaraq olimpiada iştirakçılarını salamladı. O, ümummilli lider Heydər Əliyev və ölkə Prezidenti İlham Əliyevin İKT-nin inkişafına göstərdiyi diqqət və qayğıdan, o cümlədən təhsil müəssisələrinin informasiyalaşdırılmasına dair həyata keçirilən dövlət proqramlarının bu sahənin inkişafındakı rolundan danışdı.
Rektor rəhbərlik etdiyi universitetin fəaliyyəti və gələcək planları haqqında məlumat verərək burada mühəndislik sahəsi üzrə müasir və nümunəvi laboratoriyaların fəaliyyət göstərdiyini vurğuladı. BMU-nun laboratoriyaları və elmi potensialından istifadə edərək beynəlxalq və ölkə miqyasında konfrans və olimpiadaların yüksək səviyyədə keçirilməsinin mümkünlüyünü ifadə etdi.
H.Məmmədov bildirdi ki, 17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş olimpiadanın keçirilməsində məqsəd ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq olimpiadalara cəlb edilməsidir.
Bu il respublika üzrə 24 ali təhsil müəssisəsindən 52 komandanın “www.olimpiada.az” saytında qeydiyyatdan keçərək olimpiadada iştirak hüququ qazandığını söyləyən rektor paytaxt ilə yanaşı, Gəncə, Mingəçevir, Sumqayıt Dövlət Universitetləri, Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrinin də bu il olimpiadaya xüsusi maraq göstərdiklərini diqqətə çatdırdı.
Sonra çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkə rəhbərliyi tərəfindən İKT-nin inkişafına göstərilən diqqət və qayğıdan və bu istiqamətdə görülən tədbirlərdən söz açdı. Qeyd etdi ki, AR Prezidentinin 2016-cı il 16 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin bəndlərindən biri Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafı ilə bağlıdır. Sənəddə yaxın gələcək və uzaq perspektivdə İKT ilə bağlı görüləcək işlərin öz əksini tapdığını bildirən nazir müavini bu tədbirlərin həyata keçirilməsində gənc kadrların mühüm rol oynadığını bildirdi. O, bu baxımdan tələbələrin biliklərinin tətbiqi üçün böyük imkanlar yaradan və ölkəmizdə gələcək kadr potensialının yetişməsinə xidmət edən bilik yarışmalarının keçirilməsini yüksək qiymətləndirdi.
E.Vəlizadə ölkədə gənclərin səmərəli fəaliyyət göstərməsi üçün hər cür şəraitin yaradıldığını qeyd edərək İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən gənclər üçün yeni startap layihələrinin həyata keçirildiyini vurğuladı və tələbələri bu kimi layihələrdə iştiraka dəvət etdi.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən birinin elm və təhsilin inteqrasiyasının təmin edilməsi olduğunu bildirdi. Direktor müavini son dövrlər dövlətimiz tərəfindən qəbul edilmiş bir sıra hüquqi sənədlər və siyasi qərarların ölkəmizdə elm və təhsilin inteqrasiyası üçün mühüm hüquqi baza yaratdığını, həmçinin AMEA və Təhsil Nazirliyi arasında daha səmərəli əməkdaşlıq üçün yeni imkanlar açdığını söylədi.
Alimin sözlərinə görə, bu istiqamətdə əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə 21 dekabr 2016-cı il tarixində keçirilmiş AMEA-nın Ümumi yığıncağı və Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasında Fəaliyyət Planı qəbul olunmuşdur. Plana əsasən, AMEA-nın bütün institut və təşkilatlarının üzərinə müxtəlif fənlər üzrə olimpiadaların keçirilməsi vəzifəsi qoyulmuşdur. R.Ələkbərov təmsil etdiyi AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2007-ci ildən bu günədək olimpiadaların təşkil olunmasında fəal iştirak etdiyini diqqətə çatdırdı.
Alim həmçinin qeyd etdi ki, akademiyanın bir sıra elmi müəssisələri ilə ali təhsil müəssisələri arasında baza kafedralarının yaradılması, birgə kadr hazırlığına dair əməkdaşlıq və s. elm və təhsilin inteqrasiyası istiqamətində gerçəkləşdirilən mühüm tədbirlərdəndir: “Bundan əlavə, şagirdlərin elmə marağının artırılması üçün fənn olimpiadalarında alimlərin yaxından iştirakı, SABAH qruplarında təhsil alan tələbələrin akademiyanın elmi müəssisələrində təcrübə keçmələri AMEA və Təhsil Nazirliyi arasında elm və təhsilin inteqrasiyasının sürətləndirilməsinə şərait yaradır”.
R.Ələkbərov Azərbaycan elminin innovativ inkişafına xidmət edən magistratura təhsil pilləsinin son illər akademiyanın elmi müəssisələrində, o cümlədən institutda təşkil olunmasının gənc tədqiqatçılar üçün böyük imkanlar açdığını qeyd etdi. AMEA-da təhsil alan magistrantların tədqiqatçı-magistr kimi formalaşdığını söyləyən R.Ələkbərov insititutda magistrantların hər biri ilə fərdi qaydada iş aparıldığını, onların beynəlxalq səviyyədə elmi araşdırmalar aparmaları üçün hər cür şəraitin yaradıldığını və lazımi dəstəyin verildiyini vurğuladı.
Direktor müavini bu cür olimpiadaların keçirilməsinin gənclərdə alqoritmik düşüncə tərzi və intellektual qabiliyyətlərin formalaşdırılması baxımından xüsusi əhəmiyyətə malik olduğunu söylədi. O, olimpiadanın ilk dəfə keçirildiyi 2007-ci illə müqayisədə iştirak edən ali təhsil müəssisələrinin sayında böyük artımın müşahidə olunduğunu qeyd etdi.
Sonda R.Ələkbərov tələbələri 17 may 2017-ci il tarixində İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək proqram mühəndisliyinin çoxaspektli problemlərinin müzakirəsinə həsr olunmuş “Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” I respublika konfransında iştiraka dəvət etdi.
Olimpiadanın münsiflər heyətinin sədri Ramin Mahmudzadə ölkədə informasiya texnologiyaları üzrə yüksəkixtisaslı, böyük elmi-praktiki təcrübəyə malik, innovativ təfəkkürlü kadrların, xüsusilə də, kompüter və proqram təminatı mühəndislərinin hazırlanmasına tələbatın olduğunu bildirərək, olimpiadanın keçirilməsinin bu tələbatın ödənilməsi baxımından da əhəmiyyət daşıdığını vurğuladı. Son illər İKT sahəsində qadınların rolunun artdığını qeyd edən R.Mahmudzadə bu il olimpiadada iştirak edən tələbələr arasında qızların sayının çox olmasını təqdirəlayiq hal kimi qiymətləndirdi.
Sonra olimpiadanın təşkilatçılarından olan Bakı Mühəndislik Universitetinin müəllimi Etibar Seyidzadə texniki məsələlər və prosedurlar haqqında ətraflı məlumat verdi. Bildirdi ki, olimpiada beynəlxalq “Ali məktəb tələbələrindən ibarət komandalar arasında proqramlaşdırma üzrə beynəlxalq olimpiada” qaydalarına əsasən keçirilir. Olimpiada iki mərhələdən ibarətdir. Hər komanda 1 müəllim və 3 tələbədən (bakalavr) təşkil olunur. Hər bir ali təhsil müəssisəsi üzrə maksimum 4 komanda olimpiadanın birinci mərhələsinə buraxılır. Təhsil müəssisələrinin yalnız bir komandası olimpiadanın final mərhələsinə vəsiqə qazanır. Finalda ən yaxşı nəticə göstərən 4 komanda qalib elan edilir.
Qeyd edək ki, olimpiadanın növbəti (final) mərhələsi 6 may 2017-ci il tarixində İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək. Qaliblər “Nar” operatoru və “BestComp Group” şirkətinin qiymətli hədiyyələri, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Fəxri Fərmanı və diplomlarla mükafatlandırılacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.