AMEA-nın illik ümumi yığıncağı keçirildi

18 Aprel 2014 - 11:00 | Konfranslar, İclaslar

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasında akademiyanın 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş ümumi yığıncağı keçirildi. 

Yığıncaqda Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və digər təşkilatlarının direktorları, millət vəkilləri və KİV nümayəndələri iştirak edirdilər. 

Öncə iştirakçılar Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini yad etdilər, məzarı önünə gül dəstələri qoydular. 

Sonra qonaqlar AMEA-nın elmi müəssisə və təşkilatlarının 2013-cü ildəki fəaliyyətini əks etdirən kitab, jurnal və digər nəşrlərin sərgisi ilə tanış oldular. 

Ümumi yığıncağı giriş sözü ilə AMEA prezidenti, akademik Akif Əlizadə açdı. A.Əlizadə Azərbaycanın regionun elm mərkəzinə çevrilməsi üçün hər bir imkana malik olduğunu bildirdi. AMEA rəhbəri zamanın tələblərinə uyğun olaraq elmi qurumun fəaliyyətinin informasiyalaşdırılması istiqamətində mühüm tədbirlərin görüldüyünü diqqətə çatdırdı. Alim regionda ən qabaqcıl kitabxanalardan olacaq İnformasiya Resursları Mərkəzinin istifadəyə tam hazır olduğunu və müasir elmi istiqamətlər üzrə yeni institutların yaradılacağını qeyd etdi. O, ölkənin inkişaf strategiyasına uyğun olaraq regionlarda elmi-texniki potensialı artırmaq məqsədi ilə bir sıra islahatların həyata keçirildiyini, o cümlədən Prezident İlham Əliyevin sərəncamına əsasən Gəncə Bölməsinin yaradıldığını xatırlatdı. AMEA elmi müəssisələrinin Direktorlar Şurası, İnnovativ Layihələrin Ekspertizası və Koordinasiyası Şurası, o cümlədən Gənc Alim və Mütəxəssislər Şurasının yaradıldığını bildirdi. 

A.Əlizadə müxtəlif sahələrdə xüsusi fərqlənən gənclərin "Gənclər üçün Prezident Mükafatı"na təqdim olunması, gənc alimlərin Avropanın elmi müəssisələrində fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil alması istiqamətində görülən tədbirlərin akademiyanın gənclər və kadrlar siyasətinin tərkib hissəsi olduğunu qeyd etdi. Hazırda AMEA-nın 2020-ci ilə qədər İnkişaf Konsepsiyasının hazırlandığını bildirən natiq elmi tədqiqatların prioritet istiqamətlərinin yenidən müəyyənləşdirildiyini, aparılan işlərin artıq yekun mərhələdə olduğunu söylədi. A.Əlizadə bildirdi ki, III Bakı Beynəlxalq Humanitar Forumu kimi dünya əhəmiyyətli tədbirlər Azərbaycanın beynəlxalq elmi əməkdaşlıq mərkəzinə çevrilməsi yolunda mühüm nailiyyətlərdəndir. Akademik həmçinin elmin təbliği, populyarlaşdırılması, gənc nəslin elmə marağının artırılması məqsədi ilə ölkədə və Cənubi Qafqazda ilk dəfə Elm festivalının keçirilməsinin də planlaşdırıldığını bildirdi. 

Sonra akademiyanın 2013-cü ildəki fəaliyyəti barədə hesabat məruzəsi ilə AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev çıxış etdi. R.Əliquliyev bildirdi ki, hesabat ilində akademiyada mühüm islahatların yeni mərhələsinə start verilmiş, AMEA-nın strukturu, idarəetmə və təşkilati sistemi təkmilləşdirilmiş, elmi müəssisələrin fəaliyyətinin məqsədyönlü koordinasiyası üçün bir sıra mühüm tədbirlər həyata keçirilmişdir: “Elmi müəssisələrdə 162 problem çərçivəsində 504 mövzu üzrə 1402 elmi-tədqiqat işi aparılıb, 110 mühüm elmi nəticə alınıb, onlardan 55 iş tətbiq olunub. 604-dən artıq kitab, 7208-dən çox məqalə və tezis, o cümlədən xaricdə 2427-dən artıq məqalə və tezis çap etdirilib. İmpakt faktorlu jurnallarda dərc olunmuş məqalələrin sayı əvvəlki illərlə müqayisədə xeyli artaraq, 526-nı ötmüş və onlara 3800-dən çox istinad olmuşdur. AMEA-da 24 elmlər doktoru və 124 fəlsəfə doktorluğu üzrə dissertasiyalar müdafiə edilib, elmi müəssisələr tərəfindən 68 respublika və 45 beynəlxalq səviyyəli tədbir keçirilib”. 

R.Əliquliyev 2013-cü ildə Rəyasət Heyətinin Mərkəzi Aparatının fəaliyyətini gücləndirmək və modernləşdirmək məqsədi ilə həyata keçirilmiş bir sıra əhəmiyyətli struktur dəyişikliklərindən söz açdı. Bildirdi ki, AMEA-da həyata keçirilən islahatlar çərçivəsində müasir dövrün tələblərindən irəli gələrək yeni institutlar yaradılmış, həmçinin bir sıra institut və təşkilatların adları dəyişdirilmişdir. 

AMEA-nın müxbir üzvü akademiyanın ölkə Prezidentinin müvafiq sərəncamı ilə 70 illik yubiley və Azərbaycan alimlərinin I Qurultayı kimi iki mötəbər tədbir ərəfəsində olduğunu, bununla bağlı bir sıra elmi-təşkilati hazırlıq işlərinin aparıldığını bildirdi. AMEA-nın icraçısı olduğu 19 dövlət proqramından 3-ünün artıq başa çatdığını, 13-ünün davam etdirildiyini vurğuladı. 

Natiq AMEA-da həyata keçirilən hüquqi islahatlardan, gənclər siyasətindən də bəhs etdi, elm və təhsilin inteqrasiyasının elmi kadrların akademiyaya cəlb olunmasında başlıca şərtlərdən olduğunu qeyd etdi. 

İnformasiya cəmiyyətinin inkişafı dövründə elektron elmin formalaşması vəziyyətindən danışan R.Əliquliyev bildirdi ki, 2013-cü il İKT ili ilə bağlı tədbirlər planında AMEA-nın da üzərinə müəyyən vəzifələr qoyulmuşdur. Bununla bağlı hazırlanan Fəaliyyət planı çərçivəsində kompleks tədbirlər həyata keçirilmişdir: “Belə ki, AzScienceNet-in ölkə üzrə infrastrukturunun inkişafı istiqamətində mühüm işlər görülmüş, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə AzScienceNet-də 36 km-ə yaxın fiber-optik kabel çəkilmiş, institut və təşkilatların 88%-i fiber-optik xətlər vasitəsilə İnternetə qoşulmuş, əməkdaşların İnternet trafikə olan tələbatı təxminən 3 dəfə, yəni 75 Mb/san-dən 250 Mb/san-yə qədər artmışdır” . 

R.Əliquliyev həmçinin akademiyanın maddi-texniki bazasının gücləndirilməsi, alimlərin əməyinin qiymətləndirilməsi və stimullaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərdən də söz açdı. O, hazırda müzakirə mərhələsində olan "Elm siyasəti haqqında" Qanunun qəbul edilməsinin bu sahədə dövlət siyasətinin normativ-hüquqi əsaslarının gücləndirilməsi baxımından əhəmiyyətli olduğunu vurğuladı. 

Daha sonra yığıncaqda AMEA-nın vitse-prezidentləri, akademiklər − İsa Həbibbəyli və Akif Hacıyev, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov, Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, akademik İsmayıl İbrahimov, AMEA Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev çıxış edərək mövcud problemlərdən söz açdılar, müxtəlif təkliflər səsləndirildi. 

Ümumi yığıncağın qərarı ilə AMEA-nın hesabatı qənaətbəxş hesab edildi. 

Tədbirdə müxtəlif elm sahəsindəki xidmətlərinə görə fərqlənən alimlərə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarını daşıyan mükafatlar da təqdim olundu.