Robot-printer bina “inşa edəcək”

28 Aprel 2017 - 10:00 | Texnoloji yeniliklər
Robot-printer bina “inşa edəcək”

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun mühəndisləri bütöv bina çap edə bilən robotun prototipini hazırlayıblar. “Gələcəkdə tamamilə avtonom qurğu yaratmağı planlaşdırırıq ki, onu Ay, Mars və ya Antarktikaya göndərmək mümkün olacaq. O, bir neçə il ərzində binalar “inşa edəcək”, – deyə layihə rəhbəri Stiven Kitinq bildirib.

hitech.vesti.ru saytının məlumatına görə, sistem böyük avtomatlaşdırılmış manipulyatorun quraşdırıldığı maşından ibarətdir. Robot-inşaatçı binanın bünövrəsini qoyur ki, bunun əsasında da bütöv bina inşa etmək mümkün olacaq.

Sınaqlar çərçivəsində inteqrasiya edilmiş 3D-printerə malik robot 14 saat ərzində diametri 15 m, hündürlüyü isə 3,65 m olan günbəz divarları çap edib. Sonra işçilər hazır formaya beton töküblər.

Kitinqin sözlərinə görə, robot ənənəvi üsulla müqayisədə baza strukturlarını daha sürətli və ucuz istehsal edir. Bundan başqa, sistem konkret tikinti sahəsinin tələblərinə və sifarişçinin arzularına uyğunlaşdırıla bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.