Almaniyanın “Lilium Aviation” şirkəti ilk şaquli uçan iki nəfərlik elektrik avtomobilinin sınaqlarını keçirib.
hi-news.ru saytının məlumatına görə, 40-dan çox dizayner, mühəndis və həvəskardan ibarət beynəlxalq komanda bir neçə il ərzində “The Lilium Jet” avtomobilinin yaradılması üzərində işləyib. Nəqliyyat vasitəsi hava ilə saatda 300 km-ə qədər sürətlə hərəkət etmək imkanına malikdir. Akkumulyatorların enerjisi 300 km-ə qədər məsafənin öhdəsindən gəlmək iqitadarındadır.
“The Lilium Jet” 36 hərəkətli reaktiv mühərriklərlə təchiz edilib. Avtomobilin hazırlanması zamanı sərnişinlərin təhlükəsizliyi, həmçinin avtopilot sisteminin idarəetməsi altında avtonom uçuş imkanı kimi məsələlərə böyük əhəmiyyət verilib.
Avtomobili ilk vaxtlarda insanların idarə etməsi planlaşdırılır. Gələcəkdə isə onları pilotsuz taksilərə çevirmək mümkün olacaq. Həmçinin şirkətin ən yaxın planlarına iki əvəzinə beş sərnişinə qədər daşımaq imkanına malik uçan elektrik avtomobilinin yaradılması daxildir.
Qeyd edək ki, “Lilium Aviation”ın bütün avtomobilləri paraşütlər və təhlükəsiz uçuş parametrlərindən kənara çıxmaların qarşısını alan “Flight Envelope Protection System”lə təchiz ediləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.