Yeni simsiz şəbəkə texnologiyaları və onların tətbiqi məsələləri müzakirə olundu

20 Aprel 2017 - 13:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti elmi seminarı keçirildi. “AzScienceNet şəbəkəsində yeni yüksəksürətli şəbəkə texnologiyalarının tətbiqi haqqında” məruzə ilə çıxış edən AzScienceNet şəbəkəsinin Data Mərkəzinin administratoru Tural Mustafayev hazırda bütün dünyanı yüksəksürətli şəbəkə ilə əhatə edən texnologiyaların hazırlanması istiqamətində işlərin görüldüyünü diqqətə çatdırdı. Bildirdi ki, Çinin Kosmik Elm və Sənaye Assosiasiyası planetin bütün əhalisini genişzolaqlı İnternetə çıxışla təmin etmək üçün yaxın zamanda Yer kürəsinin orbitinə 156 kiçikölçülü peyk buraxmağı planlaşdırır.

Məruzəçi bütün dünyanı ödənişsiz Wi-Fi şəbəkəsi ilə əhatə edə bilən Outernet haqqında da məlumat verdi. Onun sözlərinə görə, bu layihə yerətrafı orbitdə CubeSat peyklərinin yerləşdirilməsini və onların köməyi ilə bütün Yer kürəsinin simsiz şəbəkə ilə təmin olunmasını nəzərdə tutur: “Outernet böyük bir Wi-Fi marşrutlayıcı rolunu oynayaraq bütün dünyanı öz şəbəkəsində birləşdirəcək. Bu şəbəkəni istifadəçi adı və parolu daxil olunmadan istifadə etmək və şəbəkəyə Wi-Fi-ı dəstəkləyən bütün növ cihazlarla qoşulmaq mümkün olacaq”. T.Mustafayev qeyd etdi ki, Outernet-i İnternetin qadağan olunduğu ölkələrin əhalisi belə asanlıqla istifadə edə biləcək.

Sonra məruzəçi Outernet şəbəkəsi üçün lazım olan avadanlıqlar barədə danışdı və şəbəkəyə qoşulma qaydalarını nümayiş etdirən videoçarxı təqdim etdi.

O, həmçinin “Google Loon” layihəsi, lazer texnologiyası əsasında hazırlanmış, 1 terabayt sürət əldə etməyin mümkün olduğu yeni radioimpuls texnologiyası, ən yeni Wi-Fi modelləri, avtomobillər üçün şəbəkə texnologiyaları və s. barədə ətraflı məlumat verdi.

Sonda məruzəçi bildirdi ki, bu kimi yeni texnologiyaların AzScienceNet şəbəkəsində tətbiqi şəbəkənin imkanlarının daha da genişləndirilməsi və fəaliyyətinin gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.