“Ağıllı” bint hazırlanıb

18 Aprel 2017 - 12:10 | Texnoloji yeniliklər
“Ağıllı” bint hazırlanıb

5-ci nəsil şəbəkələrinin istifadəyə verilməsi Əşyaların İnternetinin geniş yayılmasına imkan yaratmalıdır. Bu texnologiya tibb sahəsində də öz tətbiqini tapmaqdadır. Belə ki, Böyük Britaniyanın Suonsi Universitetinin tədqiqatçıları pasiyentin yarasının vəziyyəti haqqında informasiyanın həkimə ötürülməsi üçün 5G şəbəkələrindən istifadə edən bint hazırlayıblar. Sarğı həm də yaranın sağalmasının izlənilməsi üçün nanosensorlarla təchiz edilib. Həkim əldə olunmuş informasiya əsasında müalicə planını məsləhət görə biləcək.

“Yaranın vəziyyətini öyrənmək üçün nanotexnologiyalardan istifadə edən intellektual sarğı onu 5G infrastrukturu ilə birləşdirərək telefon vasitəsilə pasiyentin harada və nə qədər aktiv olduğu barədə məlumat verəcək. Bütün məlumatlar toplanılacaq ki, həkim istənilən zaman yaranın vəziyyəti haqqında xəbərdar olsun və sonra müalicə kursunu dəyişə bilsin”, – deyə universitetin professoru Mark Klement bildirib.

4pda.ru saytının məlumatına görə, tədqiqatçılar maliyyə vəsaitinə qənaət etmək üçün “ağıllı” bintləri 3D-printerlərdə çap etməyi planlaşdırırlar. Hələ ki, bu texnologiyanın kütləvi istifadəsi haqqında məlumat verilmir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.