Səhrada havadan su əldə edən qurğu

18 Aprel 2017 - 12:00 | Texnoloji yeniliklər
Səhrada havadan su əldə edən qurğu

Bir neçə litr təmiz su almaq üçün cihazın yalnız günəş işığına ehtiyacı var.

Şirin su çatışmazlığı müasir dövrün qlobal ekoloji problemlərindəndir. Su ehtiyatının həcmi iqlim dəyişiklikləri və bəşəriyyətin energetikaya olan tələbatının artması ilə əlaqədar olaraq azalmaqdadır. Bir çox ölkələr bərpa olunmayan su mənbələrindən istifadə etdiyindən, əlavə mənbələrin axtarışı məsələsi hər il daha da aktuallaşır.

naked-science.ru saytının məlumatına görə, ABŞ alimlərinin hazırladığı yeni məhsul üzvi-metal karkaslı strukturlara (metal-organic frameworks, MOF) əsaslandırılıb. Bu strukturlar məsaməli quruluşa malik olub maye və ya qazları öz tərkibində saxlamaq imkanına malikdirlər.

Dünyada ilk üzvi-metal karkaslı strukturların müəllifi, kimyaçı Ömər Yaqinin rəhbərliyi etdiyi alimlər qrupu 1990-cı illərin sonlarında qurğu üçün MOF-un yaradılması üzərində işləməyə başlamışdır. 2014-cü ildə Berklidə Kaliforniya Universitetində Yaqinin komandası sirkonium və Adipin turşusu əsasında su buxarını udmaq qabiliyyətinə malik yeni material hazırlamışdır.

Sonra alim Massaçusets Texnologiya İnstitutunun mütəxəssislərinə müraciət edərək suaşıran sistemin yaradılması üçün yeni materialdan istifadə etməyi təklif edib. Prototipi istehsal etmək üçün onlara 1 kiloqram üzvi-metal karkaslı struktur kristalı lazım olub. Material günəş enerjisinin uducusu və kondensatorun arasında yerləşdirilib.

Prototip 12 saat ərzində havanın nisbi rütubəti 20-dən 30 faizə qədər olduğu müddətdə 2,8 litr suyu “canına çəkib”. Bu hava rütubətliyinin aşağı göstəricisi hesab edilir. Hətta Saxara səhrasında nisbi rütubət orta hesabla 30-50%-ə qədər olur. Mütəxəssislərin sözlərinə görə, iki dəfə daha çox suyu canına çəkə bilən  MOF növləri də mövcuddur. Bu səbəbdən prototip üzərində işlər gələcəkdə də davam etdiriləcək.

Bundan öncə, Sent-Luisdə Vaşinqton Universitetinin alimləri suyu qrafen əsasında günəş enerjisinin köməyilə təmizləyən innovativ nazik örtük hazırlamışdılar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.