ABŞ-ın Silikon Vadisinin alimləri öz sağlamlığının qayğısına qalanlar üçün smartfonu hava analizatoruna çevirən kiçik ölçülü qurğu hazırlayıblar. “iPhone” istifadəçiləri üçün əlçatan olan “Sprimo”nun Android üçün versiyası tezliklə istifadəyə veriləcək.
techcult.ru saytının məlumatına görə, qurğu “iOS” əməliyyat sistemi ilə əlaqə qurulduqda avtomatik işləyir və havanı analiz etməyə başlayır. Qadcet uçan orqanik birləşmələri axtarır və atmosferdə onların konsentrasiyasını təhlil edir.
“Sprimo”dan istifadə etmək üçün üzvi kimyaya bələd olmaq və ya maddələrin mürəkkəb adlarını yadda saxlamaq lazım deyil. Belə ki, “iPhone”un ekranında əks olunan indikatorun rəngi və müxtəlif rəqəmlər vasitəsilə nəticə aydın olur. Yaşıl rəng və kiçik rəqəmlər havanın normal olduğunu bildirir. Sarı rəng müəyyən narahatlığa əsas verir. Qırmızı rəng və böyük rəqəmlər isə dərhal tədbir görməyə ehtiyac olduğunu göstərir. Bu zaman istifadəçi vəziyyətə uyğun olaraq otağın havasını dəyişdirmək üçün pəncərələri aça və ya təcili yardım xidmətinə zəng edə bilər.
Qurğu vasitəsilə havanın təmizliyini, həmçinin temperaturu və rütubəti hər yerdə ölçmək mümkündür. İstehsalçılar şəhər və rayonlarda havanın çirklənməsinin xəritəsini tərtib etmək məqsədilə istifadəçiləri informasiyanı Sprimo cəmiyyətində paylaşmağa çağırırlar. “Sprimo” “Kickstarter” platformasında vəsait toplanması mərhələsində 20 ABŞ dollarına başa gələcək, sonra isə qiymət 2 dəfə artacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.