“Ağıllı” ev sistemləri hazırlanır

03 Aprel 2017 - 15:20 | Maraqlı məlumatlar
“Ağıllı” ev sistemləri hazırlanır

Hazırda dünyanın aparıcı şirkətləri “ağıllı” ev sistemləri üzərində çalışır, çünki müəssisə rəhbərləri bu xidmətlər bazarının inkişaf perspektivlərini görürlər.

Əhalinin bir hissəsinin müəyyən şərtlərdə insan həyatını təhdid edə biləcək innovasiyalara şübhə ilə yanaşmasına baxmayaraq, əksəriyyət müasir evlərdə rahatlığın artırılmasının tərəfdarıdır.

www.vladtime.ru saytının məlumatına görə, bu ideyaların reallaşdırılması zamanı yaranan ən böyük çətinlik müxtəlif qurğuları bir yerdən idarəetmə imkanı ilə vahid şəbəkəyə birləşdirməkdir. Aparıcı şirkətlər bu istiqamətdə müxtəlif yollarla irəliləyir. Belə ki, “Google” şirkəti artıq “Google Home” sistemini hazırlayıb. Onun köməyilə yalnız kiçik prosessorların idarəetməsi altında ayrı-ayrı qadcetləri deyil, həm də qapı qıfılları və bağın suvarılması sistemini idarə etmək olar.

Rəqiblərindən geri qalmamaq üçün əlindən gələni edən “Samsung” müştərilərə güclü “Samsung Connect” proqramının idarəetməsi altında “Connect Home” sistemini təklif edir. Bu sistem funksionallıq baxımından “Google Home” sisteminə bənzəyir, lakin ona “Amazon”da olan səsli “ağıllı” ev idarəetməsi kimi kiçik əlavə edilib.

“IKEA” isə elektrik enerjisinə qənaət etməyə və evi zövqə uyğun dizayn etməyə imkan verən “ağıllı” işıqlandırma sistemini tətbiq edir.

Hazırda “ağıllı” ev tətbiqetməsi üzrə göstərilən xidmətlərin ümumi dəyəri 10 milyard dollar təşkil etsə də, bu məbləğ yaxın onillikdə 2, hətta 3 dəfə arta bilər. Bəşəriyyətin müqavimət göstərməsinə baxmayaraq, innovativ inkişafı dayandırmaq qeyri-mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.