Süni intellekt MS Word-də insanlara fikrini daha yaxşı ifadə etməyə kömək edəcək
“Microsoft” şirkəti Office 365 paketinə daxil olan “Word” proqramı üçün “Korrektor” panelini təqdim edib. Paneldə süni intellekt texnologiyaları tətbiq edilir ki, bu da qrammatik səhvləri düzəltməklə yanaşı, həm də mətnin stilistikasının yaxşılaşdırılması üçün istifadəçilərə kömək etməyə imkan verir.
dgl.ru saytının məlumatında bildirilir ki, “Korrektor” paneli “Word” proqramındakı “Yazı qaydaları” funksiyası kimi işləyir və yazı stilinin təkmilləşdirilməsi üzrə təkliflər siyahısı təqdim edir. Məsələn, “maybe” və “basically” (“ola bilər” və “əsasən”) sözlərini mənanı itirmədən silmək mümkün olarsa, onlar “şübhəli” kimi işarələnir.
İlk baxışda alqoritm sadə görünür, lakin “Word” yalnız müəyyən siyahıdan sözləri tapmır. Məsələn, really (“həqiqətən”) sözü “həqiqətən yaxşı” mənasında işləndiyində işarələnir. Bu halda sadəcə “yaxşı” yazmaq daha uyğundur və “Word” bunu “məsləhət görür”. Əgər müəllif “Həqiqətən?” sualına versə, proqram anlayacaq ki, bu sözü başqa sözlə əvəz etmək mükün deyil və daha başqa təklif irəli sürməyəcək.
“Korrektor” paneli standart orfoqrafiya panelində yer alıb və F7 yaxud kontekst menyusunda vurğulanmış sözün üzərinə basmaqla istifadə olunur. “Word” potensial qrammatik səhvləri ikiqat göy xətlə, üslub çatışmazlıqlarını isə sarı punktirlərlə (qırıq xətlərlə) qeyd edir.
Office və Microsoft-un digər məhsullarının istehsalçıları son zamanlar intellektual alqoritmlərə əsaslanan funksiyaları fəal şəkildə tətbiq edirlər. Belə ki, 2014-cü ildə Skype-da neyroşəbəkə texnologiyası əsasında danışığın avtomatik tərcüməsi meydana çıxmışdı. 2016-cı ildə isə Office proqramına lüğət tərifləri və ensiklopedik arayışları tapan “İntellektual axtarış” funksiyası əlavə olunmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.