Veb-analitika problemləri araşdırılır

30 Mart 2017 - 12:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 16 saylı şöbənin “Veb-analitika: müasir vəziyyəti və problemlərinin araşdırılması” mövzusuna həsr olunmuş növbəti elmi seminarı keçirildi. Məruzəni təqdim edən şöbənin əməkdaşı Könül Daşdəmirova veb-analitika alətləri, İnternet istifadəçilərinin problemləri, dünya üzrə veb-analitika sahəsində aparılan tədqiqatların istiqamətləri, “Web Mining” və s. haqqında ətraflı məlumat verdi.

Veb-saytın analizini aparmaq üçün statistik məlumatlardan istifadə olunduğunu söyləyən məruzəçi bu məqsədlə baxılan veb-səhifələrin sayı, axtarış sistemlərindən sayta keçid, istifadəçilərin coğrafiyası və onların saytda qalma müddəti, saytın auditoriyası və digər məlumatlara müraciət olunduğunu diqqətə çatdırdı.

K.Daşdəmirova veb-analitikanın sayğaclar, loq-analizatorlar və İnternet-analitika sistemləri vasitəsilə aparıldığını bildirərək bu sistemlərin reytinqini təqdim etdi.

Məruzəçi, həmçinin dünya üzrə veb-analitika sahəsində aparılan tədqiqatların istiqamətlərindən söz açdı. Onun sözlərinə görə, veb-mühitdə rəqiblər haqqında informasiyanın analizi, elektron-tibbi resursların analizi, sosial şəbəkələrdə “Data Mining” metodları və alqoritmlərindən istifadə etməklə biliklərin aşkarlanması və təhlili, “Web Analytics”in “Cloud Computing” ilə inteqrasiyası, veb-mühitdə emosiyaların analizi, elektron elmin veb-mühitə təsiri və digər istiqamətlər üzrə araşdırmalar aparılır.

O, “Web Mining”in daxiletmə, emal, modelləşdirmə və modelin analizi mərhələləri barədə məlumat verdi və onun kateqoriyalarını nəzərə çatdırdı.

Sonda K.Daşdəmirova veb-analitikaya dair kitab və jurnallar, bu sahə üzrə keçirilən konfranslar və veb-analitikanın problemləri ilə məşğul olan təşkilatların siyahısını təqdim etdi.

Məruzə ətrafında müzakirələr aparıldı, sual və təkliflər səsləndirildi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.