Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı) Baş katibinin təhlükəsizliyin yeni çağırışları üzrə müavini, səfir Sorin Dukaru ilə görüşüb.
Alyansın Azərbaycanla tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən kibertəhlükəsizlik sahəsində inkişafının önəmini qeyd edən nazir Əli Abbasov ölkəmizdə bu istiqamətdə aparılan işlərdən söz açıb. İnformasiya ehtiyatlarının qorunması, kibertəhdidlərin qarşısının alınması və dəf edilməsi üzrə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin, həmçinin Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin fəaliyyət göstərdiyini deyən nazir qurumların bu sahədə kompleks tədbirlər həyata keçirdiklərini vurğulayıb. Nazir qeyd edib ki, ölkədə getdikcə artmaqda olan internet istifadəçilərinin sayının hazırda 70 faizə çatdığı, milli internet resurslarının, azərbaycandilli kontentin inkişaf etdirilməsi üzrə işlərin aparıldığı indiki məqamda məlumatların təhlükəsizliyinin təmin edilməsi, kənardan daxil olan kibertəhdidlərin qarşısının alınması, məlumatlar bazasının müdafiəsinin ən yüksək səviyyədə təşkili məsələləri böyük DATA mərkəzlərinə ehtiyacı ortaya çıxarır. Bu baxımdan, beynəlxalq təcrübə əsasında ölkəmizdə ən müasir DATA mərkəzlərinin qurulması istiqamətində intensiv əlaqələr yaradılıb.
Yeni təyin olunmuş müavin NATO-nun hazırda bir çox ölkələrlə, həmçinin Azərbaycanla müxtəlif istiqamətlər, o cümlədən kibertəhlükəsizlik sahəsi üzrə əməkdaşlıq imkanlarını genişləndirmək niyyətində olduğunu vurğulayıb. Təşkilatın müxtəlif ölkələrdə kibermühafizə üzrə qabaqcıl təcrübə mərkəzlərinin yerləşdiyini deyən səfir qeyd edib ki, NATO kibertəhlükəsizlik sahəsində milli strategiyaların formalaşdırılması üçün bu mərkəzlərdə qazanılan təcrübələri təşkilata üzv olan və üzv olmayan tərəfdaşlarla bölüşmək, həmçinin bu ölkələrdə müvafiq təlimlərin keçirilməsinə yardım etmək fikrindədir.
ictnews.az