İnstitutun magistrantlarına “Elmi tədqiqatların əsasları” fənni tədris olunur

17 Mart 2017 - 15:47 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirildi. Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev tədbirdə elmi-tədqiqat işinin səmərəli təşkili haqqında məruzə ilə çıxış etdi.  Alim öncə institutda təhsil alan magistrantlara bu semestr tədris olunan “Elmi tədqiqatların əsasları” fənninin tədris proqramı haqqında məlumat verdi. Qeyd etdi ki, proqram tərtib olunarkən müvafiq sahədə bir sıra qabaqcıl universitetlərin proqramları öyrənilmiş, həmin ali məktəblərdə təhsil alan tələbələrin sosial şəbəkələrdə bu proqramlar haqqında rəyləri nəzərə alınmışdır. Proqramda elm anlayışı, elmin sosial funksiyaları, inkişaf tarixi və elmi etika məsələlərinin təhlil edilməsi, elmi tədqiqatın növləri, metod və metodologiyaları, elmi-tədqiqat mövzusunun seçilməsi, tədqiqatın planlaşdırılması, hipotezin formalaşdırılması, elmmetriya və s. haqqında nəzəri biliklərin öyrədilməsi planlaşdırılır. Həmçinin elmi informasiya mənbələri ilə işləmə texnologiyaları və akademik yazı qaydaları üzrə praktiki vərdişlərin aşılanması, tədqiqat mövzusuna dair icmal məqalənin hazırlanması üzrə məsləhətlərin verilməsi, tədqiqat mövzusu üzrə təqdimatların hazırlanması və auditoriyaya təqdim olunması nəzərdə tutulur.

Y.İmamverdiyev elmi tədqiqatın məhsuldarlığını müəyyən edən faktorları da təhlil edərək, elmi tədqiqatçını uğurlu edən bir sıra peşə kompetensiyaları, intellektual potensialın komponentləri, tədqiqatçının fərdi-psixoloji xarakteristikaları barədə ətraflı məlumat verdi, bir sıra tövsiyələr səsləndirdi.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.