İlk trilyoner süni intellekt üzrə mütəxəssis olacaq

16 Mart 2017 - 15:47 | Maraqlı məlumatlar
İlk trilyoner süni intellekt üzrə mütəxəssis olacaq

Dünyanın ilk trilyoneri süni intellekt və müvafiq sahələr üzrə mütəxəssis olacaq. nanonewsnet.ru saytının məlumatına görə, bu haqda amerikalı sahibkar, investor və milyarder Mark Kyuban bildirib.

“Əgər siz dərin təlim, neyroşəbəkələr və bu kimi texnologiyaları tətbiq etməyə başlamırsınızsa, uduzacaqsınız”, – deyə Kyuban qeyd edib. O, kompüter çipləri və məlumatların işlənməsi sistemlərinin təkmilləşdirilmiş texnologiyalarının süni intellekti yeni sahələrə (məsələn, sığorta sektoru) tətbiq etməyə imkan verdiyini söyləyib.

Futuroloq Tomas Freyin fikrincə, 2030-cu ildə dünyanın ən böyük İnternet şirkəti “Microsoft”, “Google” və “Amazon” kimi nəhəngləri sıxışdıran onlayn məktəb olacaq. Bu kimi şirkətlərdə trilyoner olmaq üçün böyük şans olacaq. Lakin trilyoner olmağa ən uyğun namizəd hələ ki, sahibkar və filantrop Bill Qeyts hesab edilir. Hazırda onun kapitalı 85 milyard dollar dəyərində qiymətləndirilir.

Qeyd edək ki, “Google” şirkəti süni intellektin tətbiqindən sonra 9 milyard dollar məbləğində əlavə gəlir əldə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.