AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Gülarə Məmmədova institutun elmi seminarında "Dünyanın aparıcı universitetlərinin İKT ixtisasları üzrə tədris proqramlarının müqayisəli analizi" adlı məruzəsini təqdim etdi.
Məruzəçi ABŞ və Kanadanın aparıcı universitetlərinin "Computer science", “Computer engineering”, “Information technology”, “Information system” və “Software engineering” istiqamətləri üzrə bakalavr və magistr səviyyəsi üçün tədris proqramlarının məzmununu diqqətə çatdırdı. Qeyd etdi ki, ABŞ universitetlərində proqram mühəndisliyi istiqaməti üzrə kurslar bakalavr səviyyəsində “Computer science” istiqamətinin tərkibində tədris edilir. Magistr səviyyəsində isə “Master science in Software Engineering” ixtisası mövcuddur.
Məruzəçi Avropa universitetlərindəki bakalavr səviyyəsi üzrə biliklərin ABŞ və Asiyanın aparıcı ali məktəblərinin verdiyi biliklərdən fərqli olduğunu qeyd etdi. Bildirdi ki, Avropa universitetlərindəki bakalavr səviyyəsi üzrə tədris müddəti 3 ildir. O, Asiya Universitetlərində “Software engineering” üzrə bakalavr və magistrlərin tədris proqramlarını da diqqətə çatdırdı.
Sonra G.Məmmədova dünyanın aparıcı universitetlərində mühəndis ixtisasları üzrə tədris proqramlarının milii və beynənxalq təşkilatlar tərəfindən akkreditasiyası haqqında ətraflı məlumat verdi.
Məruzə ətrafında fikir mübadiləsi aparıldı, sual və təkliflər səsləndirildi.