“Microsoft” şirkəti institut ilə əməkdaşlığı genişləndirir

02 Mart 2017 - 13:00 | Konfranslar, İclaslar

Bu barədə “Microsoft Azərbaycan” şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasında çıxışı zamanı məlumat verdi. İnstitut ilə əməkdaşlıq imkanlarından söz açan məruzəçi “Microsoft Azərbaycan” şirkətinin sertifikatlaşdırma mərkəzinin məhz İnformasiya Texnologiyaları İnstitutunda təşkil olunmasının məqsədəuyğun olduğunu bildirdi. Şirkətin sertifikat proqramları və onların üstünlüklərindən  söz açan E.Axundov bütün məhsul və texnologiyalar üzrə sənaye sertifikatlaşdırmasının mümkün olduğunu, ali təhsil qurumlarında təhsil alan tələbələrə, akademik diplomla yanaşı, sənaye diplomunun da təqdim ediməsinin zəruriliyini qeyd etdi.

O, Azərbaycan elmi ictimaiyyəti üçün böyük verilənlərin analitikası, superkompüterlərin gücü və bulud texnologiyalarından istifadə ilə bağlı təbliğat işlərinin aparılmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. “Microsoft” şirkətinin təqdim etdiyi “Office” proqramının mütəmadi olaraq yeniləndiyini  diqqətə çatdıran E.Axundov bu proqramın ən son məhsulları üzrə tədris vəsaitlərinin mövcud olduğunu, onların tərcümə edilərək elmi qurumların istifadəsinə verilməsinin vacibliyini önə çəkdi.

Məruzəçi bildirdi ki, “Microsoft” institut əməkdaşlarına korporativ domen adı altında məhdudiyyətsiz e-poçt ünvanları, hər bir istifadəçiyə buludda onlayn video-konfransların təşkil edilməsi və yazılışı üçün 1 terabayt saxlanc, biznes-analitika üzrə 20-dən çox xidmət təqdim edir. Qeyd etdi ki, İnformasiya Texnologiyaları İnstitutu da daxil olmaqla, AMEA-nın elmi təşkilatları da şirkətin elm və təhsil qurumları üçün nəzərdə tutduğu endirimlərdən yararlana, bir çox məhsulları pulsuz əldə edə biləcəklər.  

Sonda çıxış edən AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev “Microsoft” ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsini yüksək qiymətləndirərək bu məqsədlə İşçi qrupun yaradılması və Fəaliyyət planının hazırlanmasının önəmini vurğuladı. Rəhbərlik etdiyi qurumun AMEA-nın İKT siyasətini həyata keçirdiyini qeyd edən alim “Microsoft Azərbaycan”ın sertifikat mərkəzinin bu institutda təşkil edilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.