24 fevral - Stiv Cobsun doğum günüdür

24 Fevral 2017 - 10:39 | Maraqlı məlumatlar
24 fevral - Stiv Cobsun doğum günüdür

Bu gün amerikalı sahibkar,  “Apple” kompüter imperiyasının banisi və rəhbəri, texnologiya sənayesinin inkişafındakı əvəzsiz xidmətlərinə görə bütün dünyada məşhur olan və bir çox mükafatlara layiq görülən  Stiv Cobsun doğum günüdür. Onu tez-tez “rəqəmsal inqilabın atası” adlandırırdılar. Bundan başqa o, innovativ məhsulları yeni inkişaf səviyyəsinə çatdıran istedadlı administrator və parlaq natiq idi.

Stiv Cobs kimi məşhur olan Stiven Pol Cobs 1955-ci il fevralın 24-də ABŞ-ın San-Fransisko şəhərində anadan olub. 

Dünya kompüter sənayesinin əsas fiqurlarından hesab olunan Cobs biznesə dostu Stiv Voznyakla birgə uzaq məsafələrə pulsuz zəng etmək imkanına malik xüsusi qurğular - göy qutuların istehsalı ilə başlayıb. Texnika sahəsində böyük zəka sahibi olan Voznyak və anadangəlmə biznesmen Cobs bir-birini yaxşı tamamlayırdılar. Lakin dostlar göy qutularla o qədər də uzun müddət məşğul olmadılar. Onlar tezliklə, satış üçün hazır kompüterlərin quraşdırılması üzərində işləməyə başladılar. Beləliklə, 1976-cı ildə Apple Computer Co. şirkətinin əsasını qoydular. Şirkətin ilk böyük sifarişi yerli elektronika mağazası üçün 50 Apple I kompüterinin hazırlanması oldu.

Yarım ildən sonra Voznyak və Cobs dünyada ilk kütləvi fərdi kompüter olan Apple II-ni təqdim etdilər. 80-ci illərin sonlarında artıq şirkət milli səviyyədə tanınmağa başlamışdı. 25 yaşlı Cobsun şəxsi kapitalı isə 200 milyon dollar idi.

Növbəti illərdə S.Cobs 2 yeni şirkətin, NeXTPixar-ın əsasını qoydu. Nəticədə Pixar dünyanın ən uğurlu animasiya studiyası oldu. 2001-ci ildə Apple dünyada ilk iPod pleyerini təqdim etdi. Onun satışları cəmi 1 il sonra şirkətin əsas gəlir mənbəyinə çevrildi. 2006-cı ildə Apple TV-nin şəbəkə multimedia pleyeri satışa çıxarıldı.

2007-ci ildə dünyaca məşhur iPhone-un satışlarına start verildi. Növbəti ildə isə şirkət rəhbəri dünyada ən nazik noutbuku - MacBook Air-i nümayiş etdirdi. 

Stiv Cobs 5 oktyabr 2011-ci ildə, mədəaltı vəzinin xərçəngindən 56 yaşında dünyasını dəyişdi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.