Yaponiyanın qabaqcıl sənaye elmi və texnologiyaları Milli institutundan olan tədqiqatçılar bildiriblər ki, bir təsadüfi kəşf onlara süni arıları yaratmağa kömək edəcək. Süni arılar “zəhmətkeş” həşəratları əvəz etməsə də, kənd təsərrüfatı məhsullarının yetişdirilməsində əhəmiyyətli rol oynayacaq.
Hər şey 2007-ci ildə başladı. Kimyaçı Eyjiro Miyako yüksək elektrik keçiriciliyinə malik ion mayelər (maye vəziyyətində olan duzlar) üzərində araşdırmalar aparırdı. Alim uğursuz sınaqdan sonra alınmış yapışqan gel olan butulkanı şkafa qoymuş və onu yalnız bu günlərdə aşkar etmişdir. Məlum olmuşdur ki, bütün bu illər ərzində maye öz xüsusiyyətlərini itirməmiş – buxarlanmamış, qurumamış və solmamışdır, lakin çox miqdarda toz yığmışdır. Məhz bu xüsusiyyət Miyakonu bitkilərin süni tozlandırıcılarını yaratmağa vadar etmişdir.
24gadget.ru saytının verdiyi məlumata görə, başlanğıc üçün alimlər gelin toz yığmaq qabiliyyətini laboratoriya şəraitində sınaqdan keçirməyə qərar verdilər. Bunun üçün qarışqaların belinə bir qədər maye damcısı qoydular və onları tülpanlarla qutuya yerləşdirdilər. Nəticədə, həşəratlar gel vasitəsilə daha çox tozcuq yığdılar. Bundan sonra tədqiqatçılar gellə emal edilmiş kiçik xəz zolağını kiçik drona yapışdırdılar. Dron zanbaq gülləriylə sınaq nəticəsində effektiv süni tozlandırıcı oldu.
Əlbəttə, dronların hələ ki, çox az uçuş vaxtına malik olması onların effektivliyinə də təsir edir. Bundan başqa onları əl ilə idarə etmək lazım gəlir. Lakin tədqiqatçılar əmindirlər ki, gələcəkdə süni intellektin köməyilə belə pilotsuz təyyarələrin avtomatik idarə edilməsi real olacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.