AMEA Fizika İnstitutunun şəbəkə infrastrukturu yenidən qurulub

14 Fevral 2017 - 15:30 | Mühüm hadisələr
AMEA Fizika İnstitutunun şəbəkə infrastrukturu yenidən qurulub

Məlumdur ki, AMEA Rəyasət Heyətinin “AzScienceNet Elm-Kompüter Şəbəkəsinin fəaliyyətinin gücləndirilməsi haqqında” 14 dekabr 2016-cı il tarixli qərarından irəli gələn vəzifələrin icrası istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə AMEA İnformasiya Texnologiyaları İnstitutunun texniki dəstəyi ilə akademiyanın bir sıra institut və təşkilatlarında şəbəkə infrastrukturu yenidən qurulur.

Bu yaxınlarda AMEA Fizika İnstitutunda da Wi-Fi şəbəkə texnologiyasının infrastrukturu yenidən qurulmuş və Eduroam xidməti qurumun əməkdaşlarının istifadəsinə təqdim olunmuşdur.  

İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərovun verdiyi məlumata görə, Fizika İnstitutunda bu istiqamətdə işlərin görülməsi institutun gələcək fəaliyyətinin daha səmərəli təşkilinə, alim və mütəxəssislərinin Avropa elmi mühitinə inteqrasiya olunmasına daha geniş imkanlar yaradacaq.

Qeyd edək ki, GEANT (Avropanın elm və təhsil üçün kompüter şəbəkəsi) tərəfindən təqdim edilən Eduroam (education roaming) xidməti alim, tədqiqatçı, müəllim və tələbələrin internetə təhlükəsiz və sərbəst çıxışını təmin edən beynəlxalq rouminq xidmətidir. Bu xidmətə qoşulan istifadəçilər ölkə daxilində və xaricdə minlərlə elm və təhsil qurumunun ərazisində olarkən İnternetə simsiz şəbəkə üzərindən asan, ödənişsiz və təhlükəsiz çıxış imkanı əldə edir.

Ölkəmizdə Eduroam şəbəkəsinin yaradılması GEANT Assosiasiyasında Azərbaycanı təmsil edən İnformasiya Texnologiyaları İnstitutu tərəfindən həyata keçirilir. Eduroam xidməti institut tərəfindən AzScienceNet elm-kompüter şəbəkəsinin bazasında yaradılıb. AMEA-nın bir sıra institut və təşkilatlarında qurulmuş Milli Eduroam serveri Avropa Eduroam Konfederasiyasında qeydiyyatdan keçib.  

Yaxın zamanda AMEA Biofizika İnstitutunda da şəbəkə infrastrukturunun yenidən qurulması planlaşdırılır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.