Məşhur amerikalı fizik, yarımkeçiricilərin tədqiqatçısı Uilyam Bredford Şokli (ing. William Bradford Shockley) 13 fevral 1910-cu ildə İngiltərənin London şəhərində anadan olmuşdur. Şokli ikinci dünya müharibəsi illərində ABŞ-ın əməliyyatların tədqiqi məktəbinin yaradılmasında və strateji bombalamalar taktikasının hazırlanmasında iştirak etmişdir.
1948-ci ilin yanvarında Şokli dünyada ilk dəfə olaraq müstəvi ikiqütblü tranzistoru ixtira etmiş, sonra isə onun iş prinsipini izah edərək elmi nəzəriyyəsini təqdim etmişdir. 1956-cı ildə Şokli Silikon vadisinin mənbələrindən biri olan, alimin öz adını daşıyan laboratoriyanın əsasını qoymuşdur. O, elə həmin ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür.
U.B.Şokli 12 avqust 1989-cu ildə Stenfordda dünyasını dəyişmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.