3D-çap texnologiyasının tətbiqi real fiziki modellər ilə işləyənlər üçün faydalıdır

08 Fevral 2017 - 11:00 | Konfranslar, İclaslar
3D-çap texnologiyasının tətbiqi real fiziki modellər ilə işləyənlər üçün faydalıdır

Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Anar Səmidov institutun növbəti elmi seminarında İKT yenilikləri barədə çıxışı zamanı məlumat verdi. 

3D-printerlərdən müxtəlif prototiplərin hazırlanması üçün istifadə olunduğunu bildirən məruzəçi bu qurğuların təhsil, qida, tekstil, inşaat, avtomobil və digər sahələrdə tətbiq edildiyini diqqətə çatdırdı. Bu printerlərin tibb sahəsinin müxtəlif istiqamətlərində daha geniş tətbiq olunduğunu qeyd edən şöbə müdiri üçölçülü bio-printerlər vasitəsilə əsasən oynaq və fərdi protezlərin istehsal edildiyini vurğuladı. “Protezin modelləşdirilməsi xüsusi proqram mühitində aparılır ki, bu da pasiyentin anatomik xüsusiyyətlərini nəzərə alaraq məmulatın dəqiq formasını almağa imkan verir”, – deyə bildirən A.Səmidov bu məmulatların öz konstruksiyasına görə kifayət qədər mürəkkəb və təzyiqə dözümlü olduqlarını nəzərə çatdırdı.

Bildirdi ki, 3D-çap texnologiyasının tətbiqi real fiziki modellər ilə işləyənlər üçün çox faydalıdır: “Bu texnologiya gələcək məhsulun erqonomikası, funksionallığı və yığımının qiymətləndirilməsi, eləcə də məhsulun tirajlı hazırlanmasına başlamazdan öncə gizli səhvlərin aradan qaldırılmasına şərait yaradır”.

Şöbə müdiri istehsal dövrünün azaldılması nəticəsində zamana və maliyyə resurslarına əhəmiyyətli dərəcədə qənaət etməyə imkan verən bu kimi modellər üzərində müxtəlif sınaqların həyata keçirilməsinin mümkünlüyünü ifadə etdi.

A.Səmidov, həmçinin bildirdi ki, dünyanın müxtəlif ölkələrində bio-çap texnologiyası istiqamətində dərin araşdırmaların aparılmasına baxmayaraq, ilk orqan çapının 2030-cu ildə reallaşdırılması nəzərdə tutulur. 

Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.