Plastik tullantılardan neft əldə etməyə imkan verən zavod tikilib

06 Fevral 2017 - 10:45 | Texnoloji yeniliklər
Plastik tullantılardan neft əldə etməyə imkan verən zavod tikilib

İsraildə il ərzində 1500 ton plastik tullantı yaranır ki, onun da təxminən 75%-i tullantı poliqonlarına atılır. Tullantıların açıq havada yandırılmaqla utilizasiyası xeyli xammalın itirilməsi ilə yanaşı, yaranan zəhərli qazların ətraf mühiti çirkləndirməsinə səbəb olur. Bu da insanların sağlamlığı üçün ciddi təhlükə yaradır. Hesablamalara görə, hazırda dünyada milyardlarla ton plastik tullantı mövcuddur.

polimers.at.ua saytının məlumatına görə, İsrailin ətraf mühitin mühafizəsi nazirliyi plastik tullantılardan neft əldə etməyə imkan verən zavod tikib. Zavodda bir ton plastik tullantıdan 600 kq neft almaq mümkündür. Emal məqsədilə plastik kütlədən hazırlanmış istənilən məmulatların tullantılarından – torba, boru, mətbəx ləvazimatları, mebel və oyuncaqlardan istifadə edilir.

Yeni texnologiyalar plastik tullantıların yandırılmasından xeyli istilik enerjisi və 1000 tona qədər neft almağa imkan verir. Texnologiya polimerlərin bir növü olan plastik kütlənin tərkib hissələrinə parçalanmasına (depolimerizasiya) və əsas tərkib olan neftin seperasiyasına əsaslanır. Əldə edilmiş neft neft emalı zavoduna göndərilir. Bununla da “neft-polimer-məmulat”,  “məmulat-tullantı-neft” itkisiz qapalı emal həlqəsi yaradılır.

Dünyada analoqu olmayan bu texnologiyanın sınağı uğurlu olarsa, o, bərk neft məhsullarının utilizasiyası texnologiyalarında inqilaba səbəb olacaq. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.