AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Gənclər üçün Prezident mükafatına layiq görülüb

03 Fevral 2017 - 16:04 | Mühüm hadisələr
AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Gənclər üçün Prezident mükafatına layiq görülüb

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 27 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən, AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Lyudmila Suxostat Gənclər üçün Prezident mükafatına layiq görülmüşdür.

Xatırladaq ki, bu Mükafat Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2013-cü il tarixli Fərmanı ilə təsis olunmuşdur. Gənclər üçün Prezident mükafatı elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün 10000 manat məbləğində verilir. Bu mükafat ildə 1 dəfə olmaqla 6 nəfər gəncə təqdim edilir.

Qeyd edək ki, L.Suxostat 1987-ci ildə anadan olmuşdur. O, 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Tətbiqi riyaziyyat” fakültəsinin bakalavr pilləsini, 2011-ci ildə isə “Riyazi modelləşdirmə” ixtisası üzrə magistraturasını bitirmişdir.

2007-ci ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunda elmi fəaliyyətlə məşğul olur.

2015-ci ildə “Sistemli analiz, idarəetmə və informasiya emalı” ixtisası üzrə “Səsə görə şəxsin biometrik identifikasiyası sistemlərinin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini müdafiə etmişdir.

Gənc alimin apardığı tədqiqatlar əsasında əldə etdiyi elmi nəticələr dünyanın nüfuzlu jurnallarında çap olunmuşdur.

L.Suxostat hazırda informasiya təhlükəsizliyinin təmin edilməsi üçün Big Data texnologiyaları əsasında verilənlərin intellektual analizi metodlarının işlənməsi və onların bəzi tətbiqləri, informasiya infrastrukturuna olan kiber-hücumların aşkarlanması metodlarının işlənməsi, kiber-hücumların yeni informasiya texnologiyaları əsasında modelləşdirilməsi, kiber-fiziki sistemlərdə informasiya təhlükəsizliyinin təmin edilməsi metodlarının və modellərinin işlənməsi istiqamətlərində araşdırmalar aparır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.