Tamamilə iflic olmuş insanlar beyinin fəallığını oxuyan və düşüncələri tanıyan “interfeys-kompüter” texnologiyası sayəsində ünsiyyət qura biliblər. İndiki halda mürəkkəb düşüncələrdən söhbət getmir. Belə ki, sistem “bəli” və “xeyir” cavabları ilə kifayətlənir. Yeni metod qeyri-invazivdir, yəni məlumatların toplanması üçün dəri vasitəsilə bədənə nüfuz etməyə ehtiyac yoxdur.
vesti.ru saytının məlumatına əsasən, isveçrəli alimlər yeni texnologiyanın yaradılması üçün tədqiqat aparıblar. Sınaqda iştirak edən 4 pasiyentə yan amiotrofik skleroz diaqnozu qoyulub. Bu, üst və alt hərəkətedici neyronların zədələndiyi mərkəzi əsəb sisteminin degenerativ xəstəliyidir. Bütün bunlar iflic olmağa və əzələ atrofiyasına gətirib çıxarır. Başqa sözlə, insanlar əzələlərə nəzarət edə bilmirlər.
Tədqiqat zamanı pasiyentlərə təkhecalı cavablar (“bəli” və “xeyr”) tələb edən suallar verilib. Qeyri-invaziv interfeys alimlərə beyində dövr edən qanda oksigen tərkibinin dəyişikliyini ölçərək cavabları deşifrə etməkdə kömək edib.
“Beyin-kompüter” interfeysinin yaradılması üçün beyinin fəallığını qeydə alan iki qurğu birləşdirilib. Alimlər yaxın infraqırmızı sahədə spektroskopiyanı həyata keçirən cihazdan və insanın yatıb-yatmadığını anlamaq məqsədilə beyin dalğalarının qeydə alınması üçün elektroensefaloqrafdan istifadə ediblər.
Alimlər interfeysin “bəli” və “xeyr” cavablarını 70 faiz dəqiqliklə qeydə alması üçün təxminən 3 həftə sərf ediblər. Sonra onlar pasiyentlərlə başqa mövzularda ünsiyyət saxlamağa başlayıblar.
Qeyd edilib ki, bu kimi pasiyentlərin ünsiyyət qabiliyyətinin bərpası hərəkətedici funksiyaların bərpasına aparan yolda mühüm addımdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.