Bir neçə şirkətdən ibarət blokçeyn konsorsiumu yaradılıb

31 Yanvar 2017 - 14:00 | Maraqlı məlumatlar
Bir neçə şirkətdən ibarət blokçeyn konsorsiumu yaradılıb

Məlumat bazalarının təşkili sistemi olan blokçeyn virtual valyutalarla aparılan əməliyyatlar barədə informasiyanın saxlanılması üçün istifadə olunur və böyük əməliyyatların aparılması üçün vaxta xeyli qənaət etməyə imkan verir. Bu texnologiyanın bank fəaliyyətində də tətbiqi mümkündür.

“Cisco”, “Bosch”, “Foxconn”, “Gemalto” və bir neçə digər şirkətin iştirakı ilə “Əşyaların İnterneti” (Internet of Things, IoT) məhsullarının təhlükəsizliyinin artırılması və yaxşılaşdırılması üçün blokçeyn texnologiyasından istifadə məsələləri ilə məşğul olacaq konsorsium yaradılıb.

dailycomm.ru saytının məlumatına görə, alyans iştirakçıları bu texnologiya əsasında paltaryuyan maşınlardan tutmuş, nəqliyyat konteynerlərinədək müxtəlif “IoT” qurğuları arasında məlumat mübadiləsi üçün bölüşdürülmüş məlumat bazası və protokol hazırlamaq niyyətindədirlər.

“Bosch Software Innovations”ın rəhbəri Dirk Slama sənaye sahəsində blokçeynin tətbiqi üçün böyük imkanların mövcud olduğunu söyləyib. “Bizim əsas məqsədimiz mürəkkəb şəbəkələrdə əksər sövdələşmə iştirakçıları tərəfindən məhsulların istehsalı, nəql edilməsi və dəstəklənməsi haqqında mühafizə olunan informasiya reyestrinin yaradılmasıdır”, – deyə D.Slama bildirib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.