İnnopolis Universitetinin (Rusiyanın Tatarıstan Respublikası) koqnitiv robot texnikası sistemləri laboratoriyasının mütəxəssisləri emosional robot yaradıblar. “Qaqarin” adlandırılmış robot həmsöhbətinin emosiyalarını (məsələn, qəzəb, sevinc, qorxu, təəccüb, nifrət və qəm) tanıya və onları sərbəst şəkildə canlandıra bilir. Rus dilində danışan robot predmetləri də tanıyır və müəyyən mövzularda söhbət edir.
hi-news.ru saytının məlumatına görə, insanabənzər robot həmsöhbətini eşitməsi və onunla ünsiyyət saxlaya bilməsi üçün mikrofon və səs gücləndiricilərlə təchiz edilib, gözlərinə videokameralar quraşdırılıb. O, emosiyaları sifətinin rezin dərisinin altında gizlədilmiş 30 mühərrikin köməyilə ifadə edir.
Robot hələ ki, qismən hazırdır. İnnopolis əməkdaşları hazırda tam robotu yığmağı planlaşdırırlar. Bunun üçün onlara ilkin hesablamalara görə, 50 min dollar vəsait lazım ola bilər.
İstehsalçılar emosional robotun insanları darıxdırıcı və adi işdən xilas edərək onlara daha yaradıcı peşələrlə məşğul olmaq imkanı verəcəyinə əmindirlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.