26 yanvar 2017-ci il tarixdə Beynəlxalq Muğam Mərkəzində ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışan və peşəkar fəaliyyəti ilə seçilən qadınlara “AWITA 2017” – “The Women in IT” mükafatlarının təqdim olunma mərasimi keçirilib. Azərbaycanda İKT sahəsinin populyarlaşması istiqamətində mütəmadi olaraq müxtəlif maarifləndirici tədbirlər təşkil edən Azərbaycan Qadınlarının İKT Klubu – “FEMMES DIGITALES” təşkilatı tərəfindən keçirilən mərasimdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri doktoru, professor Məsumə Məmmədova “Münsiflər heyətinin seçimi” xüsusi nominasiyası üzrə “AWITA 2017” mükafatına layiq görülüb.
Qeyd edək ki, tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, ali təhsil müəssisələri, İKT sahəsində fəaliyyət göstərən aparıcı qurumların nümayəndələri, həmçinin ölkəmizdə akkreditasiya olunmuş müxtəlif dövlətlərin fövqəladə və səlahiyyətli səfirləri iştirak ediblər. Mərasimdə son 12 ay ərzində informasiya texnologiyaları sahəsində uğur əldə etmiş bu sahənin ən parlaq nümayəndələri 15 nominasiya üzrə mükafatlandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.