İspaniyalı alimlər insan dərisi çap edən bioprinteri nümayiş etdiriblər
III Karlos adına Madrid Universiteti, Enerji, Ətraf Mühit və Texnologiyalar üzrə Araşdırma Mərkəzi, həmçinin Qreqorio Maranyon adına Madrid Universitet hospitalından olan alimlər qrupu bioloji materiallar çap edən 3D-printer hazırlayıblar. Araşdırmalara görə, əldə edilmiş dəri tamamilə funksionaldır, tibb və transplantasiyada tətbiq oluna, həmçinin kosmetik məhsul və məişət kimyasının sınaqlarında istifadə edilə bilər.
ria.ru saytının məlumatına görə, süni insan dərisi biomürəkkəbin köməyilə yaradılır. Süni dəri əsl insan dərisinin quruluşunu təkrarlayaraq lay-lay çap olunur.
İnsan dərisində olduğu kimi, epiderma və dermadan ibarət olan dəri bioloji cəhətdən aktivdir və ona elastiklik verən kollageni özü ifraz edir. Alimlər bildiriblər ki, çap üçün konkret insanın bioloji materialından istifadə edildiyi halda, qısa müddət ərzində transplantasiya üçün yararlı dəri yaratmaq mümkün olacaq.
Süni dərinin hazırlanmasında iştirak etmiş “BioDan Group” şirkəti məhsulu bazara çıxarmağı planlaşdırır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.