İnstitutda Big Data mühitində informasiya təhlükəsizliyinin təmin olunması üzrə qrant layihəsi həyata keçirilir

27 Yanvar 2017 - 14:18 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 1, 2, və 13 saylı şöbələrin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəklədiyi “Böyük verilənlər (Big Data) mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri” adlı qrant layihəsinin müzakirəsinə həsr olunmuş birgə elmi seminarı keçirildi.

Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev qrant layihəsi çərçivəsində tapşırılmış işlərin icra vəziyyəti haqqında ətraflı məlumat verərək həyata keçirilmiş və nəzərdə tutulan tədbirlərdən söz açdı. Sonra seminar iştirakçıları qrant layihəsi çərçivəsində informasiya təhlükəsizliyi sahəsində Big Data texnologiyalarının multidissiplinar problemləri, müxtəlif informasiya təhlükəsizliyi obyektlərində toplanmış böyük həcmli verilənlərdə anomaliyaların aşkarlanması üçün metod və alqoritmlərin işlənilməsi üzrə gördüyü işlər haqqında məlumat verərək, bu istiqamətdə araşdırmaların davam etdiyini qeyd etdilər.  

R.Alıquliyev tapşırılmış işlərin müzakirəsinə həsr olunmuş şöbələrarası seminarların mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğuladı.

Mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.