Robot-jurnalist 1 saniyəyə məqalə yazır

23 Yanvar 2017 - 12:43 | Texnoloji yeniliklər
Robot-jurnalist 1 saniyəyə məqalə yazır

Çinli proqramçılar tərəfindən yaradılmış “Syao Nan” adlı robot-müxbir məqalə yazmağı öyrənib. Bunun üçün ona jurnalistika fakültələrində tələbələrin sərf etdiyindən daha az vaxt lazım olub. Artıq Syao Nanın ilk 300 simvoldan ibarət materialı “Southern Metropolis Daily” nəşrində dərc edilib. Bahar Festivalına edilən səfərə həsr olunmuş mətnin yazılması üçün cəmi 1 saniyə sərf olunub.

İstehsalçıların sözlərinə görə, Syao botu məlumatları adi jurnalistlərdən daha tez təhlil edərək mətn yazır ki, bu da tezliklə xəbər resurslarının bu robotlardan jurnalist, redaktor və müxbir assistentləri kimi istifadə etməyə başlayacağını göstərir.

www.nanonewsnet.ru saytının məlumatına əsasən, Pekin Universitetinin professoru, robot-jurnalistin ixtiraçısı Van Syaotszyun bildirib ki, proqram artıq müxtəlif həcmli mətnləri yaza bilir. Lakin professor jurnalistləri “sakitləşdirmək” üçün proqramın çatışmazlıqlarından da söz açıb: “Məsələn, robot müsahibə ala, qarşılıqlı və əlavə suallar verə, müəyyən mövzuda fikir mübadiləsi apara bilmir. Hər kəs yaza bilər, lakin xəbəri maraqlı təqdim etməyi nəinki robot, hər insan da bacarmır. Bir sözlə, həmkarlar Syao Nan öz ixtiraçısından müsahibə alanadək rahat yata bilərlər”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.