Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində martın 28-dən start götürən Dünya Telekommunikasiya konfransı öz işini 10 aprel tarixinədək davam edəcək.
4 ildən bir keçirilən budəfəki tədbir genişzolaqlı İnternetin və telekommunikasiya xidmətlərinin inkişafına həsr olunub. Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təşkil olunan tədbirə quruma üzv 36 ölkənin naziri və 2000-ə yaxın nümayəndəsi qatılıb.
ictnews.az elektron xəbər xidmətinin məlumatına görə, beynəlxalq konfransda ölkəmizi Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov təmsil edib. Nazir 28-30 mart tarixlərində konfransın ənənəvi açılış sessiyasında iştirak edib. Ə.Abbasov plenar sessiyada keçirilən iclasda çıxış edərək, ölkə rəhbərliyinin dəstəyi ilə həyata keçirilən tədbirlər, o cümlədən, beynəlxalq əhəmiyyətli regional layihələr barədə ətraflı məlumat verib. “TASİM” və “EPEG” layihələrinin beynəlxalq əhəmiyyətindən danışan nazir təhsildə İKT-nin inkişafından da söz açıb.
Tədbir çərçivəsində nazir İran, Polşa, Misir və Uqandanın sektor üzrə aidiyyəti nazirləri, həmçinin BTİ-nin baş katibi və baş katibin müavini, telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkət rəsmiləri ilə görüşlər keçirib.