Müasir dövrdə Yer kürəsində həyatın qorunması, uzunmüddətli inkişafının təmin edilməsi problemləri insanın iqtisadi fəaliyyətində və həyat tərzində yeni prioritetlərin formalaşdırılmasını tələb edir. Onlardan ən əsasları ətraf mühit ilə qarşılıqlı əlaqədə olan və davamlı inkişafı təmin edən “yaşıl” iqtisadiyyat, “yaşıl” həyat tərzi və “yaşıl” təfəkkürdür. Ona görə də dünya iqtisadiyyatı ilə inteqrasiyaya meyl edən cəmiyyətlərdə iqtisadiyyatın “yaşıllaşdırılması” texnologiyalarından ən səmərəli formada istifadə etməyə xüsusi diqqət yetirilir.
Banqladeşdə bütün əhali üçün əlçatan və faydalı texnoloji həllərin axtarışıyla məşğul olan “Grameen Intel Social Business” şirkəti də məhz bu istiqamətdə fəaliyyət göstərərək 100 faiz ekoloji hava kondisioneri – “Eco Cooler”i təqdim edib.
Ev şəraitində istifadə üçün nəzərdə tutulmuş “Eco Cooler” kondisioneri emal edilmiş materiallardan ibarətdir və elektrikdən istifadəni tələb etmir. Kondisioner sayəsində sadə karton və plastik butulkaların köməyilə bir neçə dəqiqə ərzində temperaturu 5 dərəcə Celsi-yə qədər aşağı salmaq mümkündür.
Qeyd edək ki, “Grameen Intel” şirkəti müəllif hüquqları tələb etmədən qurğunun istehsal təlimatını da onlayn olaraq paylaşıb. Beləliklə, istənilən şəxs bu kondisioneri ev şəraitində hazırlaya bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.