“Markforged” şirkətinin mühəndisləri atom diffuziyası texnologiyasından istifadə edərək metaldan üçölçülü obyektlər çap edən “Metal X” 3D-printerini hazırlayıblar.
Bu texnologiyanın üçölçülü çapın digər üsullarından fərqi ondan ibarətdir ki, yeni printer obyektləri metal qırıntısından qatlarla çap etməklə yanaşı, xüsusi metal-plastik tərkibdən predmet hazırlayır. Onun yaradılması üçün metal, alüminium və ya titan tozu xüsusi plastik kütlə ilə qarışdırılır. Predmet çap edildikdən sonra plastik kütlə termo-emal prosesində hazır məmulatdan kənar edilir. Bişirmə konstruksiyanı bərkidərək onu möhkəm və etibarlı edir. “Metal X” digər 3D-printerlərdən fərqli olaraq, plastik detallar çap edə, mürəkkəb forma və strukturlarla işləyə bilir.
hi-news.ru saytının məlumatına görə, yeni printerin qiyməti (yüz min dollara yaxın) rəqib şirkətlərin təklif etdiyindən əhəmiyyətli dərəcədə ucuzdur. “Martforged”in direktoru Qreq Mark bildirir ki, metaldan üçölçülü obyektlər çap edən bahalı və böyük 3D-printerlər keçmişdə qaldı. Belə ki, artıq nisbətən kiçik istehsal emalatxanaları da bu kimi qurğuları əldə edə biləcəklər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.