İnstitut alimlərinin məqaləsi nüfuzlu jurnalda dərc olunub

09 Yanvar 2017 - 15:15 | Mühüm hadisələr
İnstitut alimlərinin məqaləsi nüfuzlu jurnalda dərc olunub

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik  Rasim Əliquliyev, institutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev və institutun elmi işçisi Roza Şahverdiyevanın həmmüəllif olduqları “İKT-texnoparkların idarəedilməsi model və mexanizmləri” (Models and Mechanisms for the Management of ICT-Technoparks) adlı məqalə dünyanın nüfuzlu “Science Publishing Group” elmi bazasında olan “Science Journal of Business and Management” jurnalında nəşr olunub.

Məqalədə iqtisadiyyatın innovasiyalı inkişafının idarə edilməsi proseslərinin təkmilləşdirilməsi və sistemləşdirilməsi proseslərindən bəhs olunub. Elm, təhsil, istehsal və biznesin inteqrasiyası əsasında yüksək texnologiyanın kommersiyalaşdırılması və onun tətbiqinin müasir problemləri təhlil olunub.

Məqalədə, həmçinin innovativ strukturların idarə olunması sistemində problemlərin həllinə müxtəlif yanaşmalar göstərilib. Texnoparklarda İKT əsasında idarəetmənin əsas səviyyələri, onun funksiya və vəzifələri, eləcə də idarəedici təşkilatın əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilib. İKT-texnoparklarda taktiki və strateji idarəetmə məsələləri təhlil olunub. Bundan başqa, İKT-texnoparkların mürəkkəb sosial-iqtisadi sistem kimi ümumi və kollegial idarəedilməsi mexanizmi təklif olunub. İKT-texnoparkların innovativ idarəetmə sisteminin inkişafı prosesində bu mexanizmin tətbiqinin vacibliyi göstərilib.

Qeyd edək ki, “Science Journal of Business and Management” jurnalı “CrossRef”, JournalSeek”, Electronic Journals Library”, EZB”, Academickeys”,ResearchBib”, Directory of Research Journals Indexing, Universal Impact Factor” və s. elmi bazalarda indeksləşib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.