Rusiyanın Rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov gələcəyin İT üzrə mütəxəssislərinin yetişdirilməsi üçün orta məktəblərdə kompüter siniflərinin yaradılması təklifi ilə çıxış edib.
“Proqramçılar da idmançılar kimidir, onlar kiçik yaşlarından hazırlanmalıdırlar” – bildirən nazir məktəblərdə İT mütəxəssislərinin iştirakı ilə ayrıca İT-siniflərinin yaradılmasının məqsədəuyğunluğunu ifadə edib. Onun sözlərinə görə, belə bir təşəbbüs məktəblərdə Təhsil və Elm Nazirliyinin Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi ilə birgə keçirdiyi İT-təhsil üzrə layihə çərçivəsində reallaşdırıla bilər. N.Nikiforov həmçinin nazirliyin Rusiya hökumətinə İT sahəsində olimpiya hərəkatının inkişafı ilə məşğul olacaq qeyri-kommersiya təşkilatının yaradılması təklifini də xatırladıb.
Qeyd edək ki, Rusiyada hökumətin təsdiq etdiyi İT sahəsinin inkişafına dair “yol xəritəsi”nə əsasən, 2014-2018-ci illərdə ölkədə 350 mindən çox İT-mütəxəssisin hazırlanması nəzərdə tutulub. newsru.com saytının məlumatına görə, onlardan 150 mininin dövlət təhsil sisteminin büdcəsi hesabına, 125 mininin isə ali təhsil müəssisələrində hazırlanacağı bildirilib.