Məlumdur ki, smartfonda simsiz rabitə zamanı, xüsusilə simsiz modul vasitəsilə böyükhəcmli məlumatlar ötürülərkən Wi-Fi-dan istifadə akkumulyatorun çox enerji sərf etməsinə səbəb olur.
4pda.ru saytının məlumatına görə, Vaşinqton Universitetinin tədqiqatçıları hazırda istifadə olunan enerjidən 10 min dəfə daha az enerji istifadə etməklə Wi-Fi siqnalı yaratmağa imkan verən texnologiyanı nümayiş etdiriblər. “Passiv Wi-Fi” adlandırılan qurğu yaxın gələcəkdə simsiz standartın inkişafının vektorunu müəyyən edə bilər.
Yeni texnologiya rəqəmsal və yüksək enerji istehlakına səbəb olan analoq əməliyyatları bölməsi əsasında işləyir. Passiv Wi-Fi siqnalı translyasiya etmək üçün xüsusi analoq ötürücü aparatdan istifadə edəcək.
Enerjiyə sərf olunan bütün xərclər enerji təchizatı şəbəkəsinə qoşulmuş tək qurğu vasitəsilə aparılır. Passiv qurğular paketləri yaratmaq üçün yalnız siqnalı əks etdirir.
Maraqlıdır ki, passiv Wi-Fi Bluetooth LE və ya ZigBee-dən 1000 dəfə daha az enerji istehlak edir. Alimlər texnologiyanı növbəti ilin martında təqdim edəcək və onun haqqında USENIX simpoziumunda ətraflı məlumat verəcəklər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.