COBOL proqramlaşdırma dilinin ixtiraçılarından birinin doğum günüdür

09 Dekabr 2016 - 17:03 | Maraqlı məlumatlar
COBOL proqramlaşdırma dilinin ixtiraçılarından birinin doğum günüdür

Kompüter dünyası və proqramlaşdırma dilləri tarixində təqdimata ehtiyacı olmayan biri varsa, bu, əlbəttə ki, kapitan Qreys Hopperdir…

Bu sözləri proqramlaşdırma sahəsində tanınmış alimlərdən olan, proqramlaşdırma tarixi üzrə bir çox kitabların müəllifi Cin Semmit səsləndirib.

Qreys Hopper 1906-cı il dekabrın 9-da Nyu-Yorkda (ABŞ) sığorta agenti Uolter Fletçerin ailəsində anadan olmuşdur. 1928-ci ildə o, Nyu-Yorkda Vassar kollecini fərqlənmə diplomu ilə bitirmiş və Yel Universitetində təhsilini davam etdirmişdir.

Burada Q.Hopper 1930-cu ildə magistr, 1934-cü ildə isə riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 1944-cü ildə isə ASCC (Mark-1) kompüteri üçün proqramların hazırlanması ilə məşğul olmağa başlamışdır.

1951-ci ildə Hopper ilk kompilyatoru yaratdı. O, müəllifi olduğu “kompilyator” termininin mənşəyini belə izah edirdi: “Alt proqramlar kitabxanada (kompüterdə) yerləşir, buradan materialların seçilməsi kompilyasiya adlanır”.

COBOL proqramlaşdırma dilinin ixtiraçılarından biri olan Qreys Hopper 1992-ci ilin yanvarında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmişdir.

Q.Hopperin proqramlaşdırma sahəsində göstərdiyi xidmətlər yüksək qiymətləndirilmiş, dünyanın 40-dan çox universitet və kolleci onu müxtəlif rütbələrlə təltif etmişdir. O, Məlumatların İşlənməsi və İdarə edilməsi Assosiasiyası tərəfindən informatika üzrə “İlin adamı” mükafatına layiq görülən ilk alimdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.