Avropa Parlamenti enerji qurğularının vahid standartı haqda qanun qəbul edib

17 Mart 2014 - 17:30 | Texnoloji yeniliklər
Avropa Parlamenti enerji qurğularının vahid standartı haqda qanun qəbul edib

Avropa Parlamenti Avropa Birliyi ərazisində satılan smartfonların istehsalçılarını vahid enerji qurğusundan istifadə etməyə sövq edən qanunu dəstəkləyib. 

Enerji qurğularının vahid standartı haqda qanun layihəsi nəzərdən keçirilmək üçün gündəliyə ötən ilin sonunda daxil edilmişdi. Səsvermə zamanı layihəni 550 deputat dəstəkləmiş, 12 nəfər əleyhinə səs vermiş, 8 nəfər isə bitərəf qalmışdır. Hazırda sənəd Avropa Birliyinə üzv ölkələrin baş nazirlərinin daxil olduğu qurum tərəfindən təsdiq olunmalıdır. Qərar müsbət həll olunacağı halda sənəd 2017-ci ildən qüvvəyə minəcək. 

newsru.com saytının bildirdiyinə görə, hazırda avropalı istehlakçılar 500 milyona yaxın mobil telefondan istifadə edirlər. Ekspertlər təqribən 30 müxtəlif enerji qurğusundan istifadə olunduğunu deyirlər. Çox vaxt eyni istehsalçı müxtəlif telefon modelləri üçün müxtəlif enerji qurğusundan istifadə edir. 

Yeni qanunun tətbiqi telefonunu dəyişdirən istifadəçini yeni qurğu almaq üçün əlavə xərclərdən azad edəcək. Bundan əlavə, qanunun tərəfdarları bildirirlər ki, sənəd qüvvəyə minəndən sonra hər il tullanılan elektron məhsulların həcmi 51 min ton azalacaq.