Elektron tullantıların elmi və sosial-iqtisadi problemləri üzrə araşdırmalar davam etdirilir

29 Noyabr 2016 - 15:43 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 6 saylı şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev rəhbərlik etdiyi şöbənin 2016-cı il üçün illik hesabatını təqdim etdi. Öncə elmi tədqiqat işləri haqqında məlumat verən məruzəçi cari ildə şöbədə audio informasiya texnologiyaları problemləri və elektron tullantıların elmi və sosial-iqtisadi problemləri üzrə elmi tədqiqatların aparıldığını bildirdi. Azərbaycanda e-dövlət və informasiya cəmiyyəti üçün effektiv audiovizual informasiya fəzalarının formalaşdırılması konsepsiyasının, eləcə də ölkədə elektron tullantıların idarə edilməsi konsepsiyasının işlənməsi üzrə araşdırmaların davam etdirildiyini nəzərə çatdırdı.

B.Ağayev cari ildə 5 konfrans materialının, tanınmış elmi jurnallarda 5 məqalənin nəşr edildiyini bildirdi. Həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, müxtəlif təyinatlı kitabların və elektron nəşrlərin hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği və s. ilə əlaqədar yerinə yetirilmiş işlərdən danışdı.

Sonra AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev e-dövlət üçün effektiv audiovizual informasiya fəzalarının formalaşdırılması konsepsiyasının işlənməsi üzrə aparılan tədqiqatların genişləndirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verdi.

Hesabata dair geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.