Yaponiya hökumətinin nümayəndələri yaxın zamanda dünyada ən sürətli superkompüterin hazırlanmasına başlanılacağını elan ediblər. Yeni superkompüterin qurulması 19,5 milyard yenə (173 milyon dollar) başa gələcək. Superkompüterin məhsuldarlığı 130 Pflops təşkil edəcək ki, bu da hazırda mövcud olan ən sürətli superkompüterin məhsuldarlığından əhəmiyyətli dərəcədə yüksəkdir.
dailytechinfo.org saytının məlumatına görə, yeni superkompüter “National Institute of Advanced Industrial Science and Technology”nin ixtiyarına veriləcək və tamamilə yeni texnologiyalar – süni intellekt, akkumulyator batareyaları, alternativ enerji mənbələri, avtomobil-robotlar və s. yaradılması üçün istifadə olunacaq.
“ABCI” (AI Bridging Cloud Infrastructure) adlandırılması nəzərdə tutulan superkompüterin proqram sistemi “Google DeepMind” sistemlərində işləyən alqoritmlərə bənzər dərin maşın təlimi alqoritmlərinə əsaslanacaq. “ABCI” və onun funksiyaları bütün maraqlı təşkilat və şirkətlərin ödəniş etməklə istifadə edə biləcəkləri bulud xidmətləri şəklində əlçatan olacaq.
Hazırda Yaponiya hökuməti tərəfindən “ABCI” superkompüterinin hazırlanması üzrə ən yaxşı təklif müsabiqəsi keçirilir. Bu superkompüterin hazırlanmasına növbəti ilin əvvəllərində başlanılması planlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.